“Qiymət artmayacaq“ Siyasət

“Qiymət artmayacaq“

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarda unun qiymətinin növbəti dəfə qalxması ilə bağlı məlumatlar dolaşır. Həmin məlumatlarda 50 kiloqramlıq unun (1 kisə) qiymətinin 35-38 manat çərçivəsində müəyyənləşdiyi bildirilir.
Ölkənin ən böyük un istehsalçılarından biri olan "Karat Holding"in baş direktoru Taleh Qasımov isə bildirib ki, hazırda unun 1 kisəsi 26 manata satılır. Baş direktor əlavə edib ki, yaxın gələcəkdə də heç bir qiymət artımı nəzərdə tutulmayıb.
Ölkədə digər iri un istehsalçılarından olan "Neon" firmasının baş direktoru Arif Həsənov bildirib ki, unun qiymətində artım olmayıb. Onun sözlərinə görə, indi unun bir kisəsinin qiyməti Bakıda 26 manat, Gəncədə isə 26,70 manatdır. A. Həsənov Gəncədə unun 70 qəpik baha olmasını Bakıdan Gəncəyə hər tona görə taxılın daşınması üçün əlavə 15 manat ödənişin olması ilə izah edir: "Bizdə bir həftə əvvəl də unun bir kisəsi 26 manat 70 qəpik idi, indi də bu qiymətədir".
Paytaxtın Mirəli Qaşqay küçəsində yerləşən topdansatış mərkəzlərində "Karmen" ticarət nişanlı unun bir kisəsi 28 manata təklif olunur. Burada unun 1 kiloqramı istehlakçılara 65 qəpikdən təklif olunur.
Azərbaycanın rayonlarında isə mağazalarda qiymətlər yol və çatdırılma xərclərinə görə dəyişir.
Belə ki, Siyəzəndə mağazada 50 kiloqramlıq unun qiyməti 25-27 manat, Quba -Xaçmazda 28 manat, Zaqatala - Şəkidə 27.50 və 28 manat,Ağdamda 25 kq-liq 14 manat, 50 kq-lıq 26.50 manata, Ucarda 26 manata, Göyçayda 29 manat, Lənkəran-Astarada 27-28 manat, Astarada 45 kq-lıq 26 manata, Gəncədə 28 manata satılır.
Rayonlardakı topdansatış məntəqələrində isə 50 kiloqramlıq un kisələri 26 manata təklif olunur.
Bakıda fəaliyyət göstərən bir neçə çörək zavodlarının mağazalara təqdim etdiyi çörəyin çəkisi və qiymətini də araşdırmışıq.