“Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyanla görüşü baş tuta bilər” Siyasət

“Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyanla görüşü baş tuta bilər”

Arzu Nağıyev: "ABŞ rəsmiləri bu görüşün baş tutmasında maraqlıdırlar"

"ABŞ rəsmiləri Vaşinqtonda keçirilən IV Nüvə sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasında maraqlıdırlar". Bu fikirləri politoloq Arzu Nağıyev Vaşinqtonda keçirilən IV Nüvə sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında gözlənilən görüş barədə danışarkən deyib.
Politoloq bildirib ki, Serj Sarkisyan IV Nüvə sammitinə Metsamor AES-lə bağlı dəvət edilib: "Ermənistan mətbuatının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyanla görüşü baş tuta bilər və Obamanın hər iki prezidentlə görüşlərinin keçirilməsi də istisna deyil. ABŞ rəsmiləri bu görüşün baş tutmasında maraqlıdırlar. Bu, regional münaqişələrin həllində ABŞ-ın marağından, eyni zamanda da regionda planlaşdırılan meqa-layihələrin həyata keçirilməsindəki maraqdan və ən başlıcası nüfuz məsələsindən doğur. Belə görüşlərin keçirilməsi vacib bir məsələdir. Prezident İlham Əliyev bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllini daima ilk plana çəkib və həlli istiqamətində mühüm addımların atılmasına hazır olduğunu, lakin Ermənistan rəhbərliyinin öz havadarları ilə birlikdə buna mane olduğunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, tərəflər arasında görüş baş tutarsa ölkə başçımız bu dəfə də eyni qətiyyətli mövqeyi sərgiləyəcək".
Onun sözlərinə görə, bu il ABŞ-da prezident seçkiləri keçiriləcək və bununla da Obama administrasiyasının rəhbərlik müddəti başa çatacaq: "Türkiyə, Suriya, Ukrayna, Gürcüstan və bununla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həllində də mühüm addımların atılmaması yeni rəhbərliyə miras kimi qalan məsələlərdir. ABŞ-ın dövlət katibi Con Kerrinin də Rusiya səfəri məhz bununla bağlı idi. Düşünürəm ki, ABŞ, ilk növbədə öz maraqlarından çıxış edir".