İrandan Ermənistana mesaj Siyasət

İrandan Ermənistana mesaj

Həsən Ruhani: "Bölgəmizdə coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir"

Dünən prezident İlham Əliyevin İran İslam Respublikasında rəsmi səfərdə olub. APA-nın Tehrana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidentinin Tehranda rəsmi qarşılanma mərasimi olub.
Səfər çərçivəsində prezident İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə təkbətək və geniş tərkibdə görüş keçirib.
Görüşdən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazan Su Elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian imzalayıblar.
Rəsmi sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İlham Əliyev və Həsən Ruhani mətbuata açıqlama veriblər. Prezident İlham Əliyev İranın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin çox vacib olduğunu söyləyib. Dövlət başçısı bəyan edib ki, bu münaqişə BMT qətnamələri çərçivəsində öz həllini tapmalıdır: "Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır. Bu baxımdan İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyduğu mövqe ədalətə daha yaxındır və bu mövqeyə görə sizə minnətdarıq. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb".
Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycanla İran arasında iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar var, həmçinin enerji sahəsində əməkdaşlıq uğurludur: "Bu gün enerji sahəsində imzalanmış müqavilə iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək. Eyni zamanda, Azərbaycan və İran hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə yollar axtaracaq. Təbii ki, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. İki ölkə arasında tarixi bağlılıq insanlar üçün çox vacibdir və xalqlarımız uzun illərdir dinc şəraitdə birgə yaşayırlar. Azərbaycan və İran xalqlarını dərin tarixi və mədəni köklər bağlayır və bu gün iki ölkənin əlaqələri bu möhkəm zəmin üzərində qurulub".
İlham Əliyev İran prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Münasib bir zamanda Azərbaycana gələcəyini açıqlayan Ruhani deyib ki, bu gün iki ölkə arasında əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur: "Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir. İki ölkə arasındakı səmimi münasibətlər həm xalqlarımızın, həm də regionda sabitliyin və inkişafın xeyrinədir".
Ruhani iki ölkənin rəsmiləri arasında keçirilən müzakirələrə də toxunub: "Biz iki ölkə arasında iqtisadi məsələlər, xüsusilə neft, neft-kimya, elektrik enerjisi, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün fikirlərimizi bölüşdük".
Ruhani qeyd edib ki, hər iki ölkə İslamın vasitə kimi ekstremist hərəkətlərdə istifadə olunmasını region üçün təhlükə hesab edir: "Ona görə də regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur".
İran prezidenti vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı keçirilən müzakirələr və bu sahədə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb: "Hər iki tərəf hesab edir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir. Bizim qlobal məsələlər və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikirlərimiz də eynidir".
Ruhani ölkəsinin Qarabağ münaqişəsilə bağlı mövqeyini də açıqlayıb: "Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasının tərəfdarıyıq. Bölgəmizdə coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz belə oxşar məsələlərin danışıqlar və sülh yolu ilə həll olunmasına çalışmalıyıq".