“Azərbaycanın Ukraynaya investisiya yatırmaq imkanları var” Siyasət

“Azərbaycanın Ukraynaya investisiya yatırmaq imkanları var”

Elxan Şahinoğlu: "Bakı bu imkanlardan istifadə etməyə həvəs göstərir"

Həm Bakının, həm də Kiyevin mühüm önəm verdiyi Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycan səfəri başa çatdı. Bakıda keçirilən görüşlər və müzakirə edilən məsələlər, həmçinin imzalanan sənədlər onu deməyə əsas verir ki, Petro Poroşenkonun Azərbaycan səfəri uğurlu keçdi və hər iki tərəf bu səfərin nəticələrindən razıdır. Petro Poroşenkonun Bakı səfəri həmçinin Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün kifayət qədər potensialın olduğunu ortaya qoydu.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri uğurlu oldu: "Birincisi, "Atlas" Araşdırmalar Mərkəzinin əvvəlki analizində yazıldığı kimi Petro Poroşenko Bakıda Rusiya əleyhinə açıqlama vermədi. Ukrayna prezidenti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadıqlarını və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışladığını bildirdi. Doğrudur, bunun qarşılığında Azərbaycan prezidenti İlham Əliyev Krımla bağlı fikir bildirmədi. Ancaq Poroşenko ilə görüşdə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Azərbaycanın birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini vurğulayıb, bu cümləsini də əlavə etdi: "Ümid edirəm ki, ədalət zəfər çalacaq və ölkələrimiz ərazi bütövlüyünü bərpa edəcək"; İkincisi, Petro Poroşenkonun Bakıda keçirdiyi danışıqlarda daha çox iqtisadi əməkdaşlıq, ticarətin artırılması və nəqliyyat imkanlarının hərəkətə gətirilməsi yolları ətrafında getdi. Rusiya Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Azərbaycan Ukraynanın şərqə yolunu aça bilər. Prezident İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın tranzit imkanlarından yararlanmağı təklif etdi. İndi əsas məsələ yüklərin daşınması üçün münasib tariflərin müəyyənləşdirilməsidir. Çünki, Ukrayna hakimiyyəti indiki tarifləri baha hesab edir.
Üçüncüsü, rəsmi Bakı Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır. Doğrudur, Azərbaycanın neft potensialı azalır, ancaq Odessa-Brodı neft boru xətti ilə az miqdarda olsa belə, Avropaya neft daşımaq imkanı var. Azərbaycan hazırda neftinin əsas hissəsini Ceyhan limanı üzərindən üçüncü ölkələrə, o cümlədən Avropa dövlətlərinə satır. Odessa-Brodı Azərbaycan üçün neftin Avropa bazarına çatdırılmasında alternativ imkan yaradır. SOCAR-ın Ukrayna bazarında fəallığı, bu ölkədə 60-dan çox yanacaqdoldurma məntəqəsinin varlığı, ayrıca Ukraynaya 200 milyon dollardan çox investisiya yatırması enerji istiqamətində əməkdaşlığın genişlənməsi üçün münbit zəmin yaradır". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri deyir ki, Bakı Kiyevlə hərbi-texniki əməkdaşlığı davam etdirməkdə də maraqlıdır: "Bu baxımdan birgə hərbi sənaye komplekslərinin yaradılmasına maraq var. Misal üçün Azərbaycanda Ukraynanın "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanları müzakirə mərhələsindədir. Beləliklə, Petro Poroşenkonun Bakıya səfər iki ölkə arasındakı əməkdaşlığın konturlarını müəyyənləşdirdi. İndi vacib olan iki ölkənin rəsmiləri arasında dialoqun intensivliyinə nail olmaq və hökumətlərarası komissiyanın iclaslarını mütəmadi keçirməkdir". Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycan-Ukrayna əməkdaşlığı Rusiya əleyhinə yönəlməyib: "Bunu Poroşenkonun Azərbaycana səfəri də göstərdi. Petro Poroşenkonun Cənubi Qafqaz ölkələri arasında ilk əvvəl Azərbaycana səfər etməsi ondan xəbər verir ki, Kiyev ortaq layihələri və bundan əldə edə biləcəyi iqtisadi dividentləri məhz Azərbaycanla əməkdaşlıqdan əldə edəcəyini anlayır. Gürcüstan və Ermənistan, hətta Qazaxıstandan fərqli olaraq məhz Azərbaycanın Ukraynaya investisiya yatırmaq imkanları var və Bakı bu imkanlardan istifadə etməyə həvəs göstərir".