“AB ilə daha yüksək səviyyəli saziş istəyirik” Siyasət

“AB ilə daha yüksək səviyyəli saziş istəyirik”

Xarici işlər nazirinin müavini: "Bizim üçün assosiasiya sazişi məqbul deyil"

"Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı davam edir. Bəzi məsələlər və bəzi mövzular var ki, onların da ətrafında müzakirələr, danışıqlar aparmaq lazımdır".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Azərbaycanla AB arasında assosiasiya sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı suala nazir müavini belə cavab verib: "Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. AB bu məsələdə hələ ki düşünür".
M. Məmmədquliyev bildirib ki, hazırda təşkilatın əsas müzakirə mövzusu Ukraynadır: "Amma hesab edirik ki, həm Avropa Şurası, həm də Avropa Birliyi digər məsələlərə də diqqət ayırmalıdır"
M. Məmmədquliyev qeyd edib ki, iyunun axırı, iyulun əvvəllərində Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı arasında danışıqlar aparılacaq: "Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar bizim planımız ondan ibarətdir ki, əgər mümkün olsa iyunun axırı, iyulun əvvəllərində ikitərəfli danışıqlar aparaq. İlin sonuna kimi xeyli iş görmək lazımdır. Ola bilsin işçi qrupunun da iclası keçirilsin və kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olsun".
Mahmud Məmmədquliyev Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini də açıqlayıb: "Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə dörd əsas prioriteti olacaq. Bunlar korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm, təhsil, xüsusən də insan hüquqları sahəsində təhsil məsələsidir".
Nazir müavini bildirib ki, sədrlik müddətində Azərbaycanda 20-dək tədbirin keçirilməsi nəzərdə tutulub. Bakıda Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək, korrupsiya ilə mübarizə mövzusunda böyük konfrans təşkil olunacaq.
Mahmud Məmmədquliyev qeyd edib ki, Strasburqda keçiriləcək tədbirlərdə də Azərbaycan sədr olaraq iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan mayın 14-dən etibarən AŞ Nazirlər Komitəsində sədrliyə başlayır. Bu ilin noyabrında sədrlik Azərbaycandan Belçikaya keçəcək.