“Azərbaycan İslam dünyasında həmrəylik olması üçün böyük töhfələr verib” Siyasət

“Azərbaycan İslam dünyasında həmrəylik olması üçün böyük töhfələr verib”

"Azərbaycan müsəlman dövləti kimi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) da fəal üzvlərindən biridir. Azərbaycan İslam dünyasında həmrəylik olması üçün, İslam dünyasında dövlətlərin bir-biri ilə münasibətlərinin uzlaşması üçün, dövlətlərarasında əməkdaşlıq, dostluq münasibətlərinin yaranması üçün çox böyük töhfələr verib". Bunu millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunları, İƏT-də Azərbaycanın mövqeyi, dünyanın bir çox müsəlman dövlətlərinin hamısı ilə ölkəmizin ən yüksək səviyyədə münasibətləri bunu sübut edir: "Ölkəmizdə İslam Həmrəyliyi ilə bağlı xeyli sayda beynəlxalq səviyyəli cənab Prezidentimizin rəhbərliyi ilə tədbirlər keçirilir. Dövlət başçısı bu istiqamətdə töhfələrini hər zaman verir. Azərbaycanın bu mövqeyi təbii ki, Fələstin dövləti, fələstinlər üçün də həmişə üzdə olub. Ancaq çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunu cənab Prezidentimiz də bildirir ki, İslam, müsəlman dövlətləri arasında bu həmrəyliyə hələ də nail olmaq mümkün olmur. Əgər bu mümkün olsa, Azərbaycanın təklif etdiyi layihələr, dostluq münasibətləri həyata keçsə İslam dünyası çox böyük gücə çevrilər. Eləcə də istənilən bir məsələdə həlledici sözə, səsə malik olar. Həmçinin öz problemlərini, İslam dünyasının problemlərini həll etmək üçün bütövlükdə onların müəyyən bir mövqeyi, səsi eşidirlər. Amma təəssüf ki, bu gün belə deyil. Azərbaycanın bütün çağırışlarına baxmayaraq hələ də İslam dünyasında bu həmrəyliyə nail olunmur. Əksinə dünyanın digər qütbündə olan qüvvələr İslam dünyasını çalxalamaq, qarışdırmaq, zəiflətmək üçün qurduğu planları həyata keçirirlər və bu onlarda alınır. Arzu edərdik ki, cənab Prezidentimizin dediyi kimi İslam həmrəyliyi güclü olsun".