De Vaaldan Qarabağla bağlı sensasiya Siyasət

De Vaaldan Qarabağla bağlı sensasiya

"Son bir neçə ildə ilk dəfədir ki, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur". Bu sözləri britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal 2019-cu ildə Dağlıq Qarabağ konflikti istiqamətində hansı dəyişikliklərin gözlənildiyi haqda Axar.az-a danışarkən deyib.
Ekspertin sözlərinə görə, xarici işlər nazirlərinin Paris görüşü bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir:
"Sözügedən görüşdən sonra ATƏT-in həmsədrləri olduqca həvəsləndirici (ümid vəd edən) bəyanatla çıxış etdilər. Bu tipli bəyanatı sonuncu dəfə mən 2011-ci ildəki Kazan görüşündən sonra müşahidə etmişdim. Nə dəyişdi?
Aydındır ki, Ermənistanda legitimliyi olan və rəhbərləri 1990-cı illərin müharibəsində birbaşa iştirak etməyən bir hökumətin hakimiyyətə gəlməsi dinamikanı dəyişdi.
Azərbaycan tərəfi də Qərb tərəfdaşlarına müsbət təkliflər irəli sürə bildiyini sübuta yetirmək istəyir. Həmsədrlərin bəyanatında ən maraqlı məqamlardan biri də nazirin "əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin zərurəti" ilə razılaşması faktı oldu.
Bu yeni bir şeydir - sülh razılaşmasının kağız üzərində iki liderin imzası ilə deyil, həm də erməni və Azərbaycan xalqlarının dəstəyini tələb etdiyinin etirafıdır.
Bütün bunları vurğuladıqdan sonra bir az realist olmalıyıq. İki tərəfin də mövqeyi hələ də çox uzaqdır. Onlar təxminən iki il yarım müharibə astanasında idi.
Mən bunu vəziyyəti sabitləşdirmək və sülh prosesinin yenidən başlanğıcı üçün atılmış hər hansı bir addımdan daha güclü olduğunu düşünürəm".
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan edib.
XİN-nin sözçüsü Leyla Abdullayeva "BBC Nyus Azərbaycanca"ya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılaşıblar.