Xocalı aksiyasında erməni təxribatı Siyasət

Xocalı aksiyasında erməni təxribatı

Paris şəhərində ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.
Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirməyi planlaşdırdığı tədbirin başlanmasına 10 dəqiqə qalmış, bir qrup erməni kilsəyə basqın edib.
Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər.
Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər.
Əraziyə çağrılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıblar.
Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, belə bir hadisə erməni təxribatçılarının cəhdləri onların iç üzünü göstərdi: "Xocalı soyqırımı ilə bağlı anım konsertinin kilsədə təşkili Azərbaycanın bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi".
O deyib ki, bu ilin fevralın 26-da Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin ən böyük kilsələrindən birində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan anım konserti təşkil olunub: "Daşnaksütyun Partiyasının Fransada fəaliyyət göstərən gənclər təşkilatının üzvləri tərəfindən bu tədbirin təşkilinə əngəllər törətmək məqsədilə kilsənin önündə təxribat xarakterli "aksiya" keçirildi. Vurğulamaq istərdim ki, erməni təxribatçıların cəhdlərinə baxmayaraq 300 nəfərdən çox fransalının, həmçinin Fransadakı diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaddaşlarda hələ uzun müddət qalacaq anım konserti keçirildi. Anım mərasimi zamanı ölkəmizin Fransadakı səfiri tərəfindən tədbir iştirakçılarına 27 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi. Anım konsertində ifa edilmiş dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri Xocalı soyqırımının qurbanlarının ruhuna ithaf edildi. Anım konsertinin kilsədə təşkili ölkəmizin bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi".