Türk Şurasının Bakı sammitinə baxış Siyasət

Türk Şurasının Bakı sammitinə baxış

Türkiyəli ekspert: “Bakıdakı görüş təkcə siyasi deyil, həm də iqtisadi ittifaqların iclasıdır”

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən 7-ci sammiti çərçivəsində görülən işlər türk dünyasının siyasət və iqtisadiyyatının inteqrasiyasına kömək edir”.
Bunu türkiyəli ekspert Murad Akan deyib.
O bildirib ki, Bakı sammitinin iştirakçıları Türkiyənin "Sülh çeşməsi" əməliyyatına böyük önəm verir.
Ekspertin sözlərinə görə, türk dünyası ölkələri arasında münasibətlərin möhkəmlənməsi baxımından son 10-15 il ərzində ciddi addımlar atılıb:
"Bu sammit türkdilli ölkələrin münasibətlərinin möhkəmlənməsində vacib rol oynayacaq, artıq türk xalqlarının vahidliyini bütün dünyaya göstərmək vaxtı çatıb".
Ekspert əlavə edib ki, Bakıdakı görüş təkcə siyasi deyil, həm də iqtisadi ittifaqların iclasıdır.
M.Akan ümidvar olduğunu bildirib ki, sammit çərçivəsində türk xalqlarının vahid müdafiə ordusunun təşkil olunması barədə məsələ qaldırıla bilər:
"Bildiyiniz kimi, Türkiyənin sabiq prezidenti Turqut Özal türk xalqlarının münasibətlərinin möhkəmlənməsi işində böyük işlər görmüşdü. Ümid edirəm ki, indiki prezident Rəcəb Tayyib Ərdoğan bu məsələyə daha böyük önəm verəcək".
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilib. Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə baş tutub.
İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edib. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edib.
Ötən gün isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.