Xarici İşlər Nazirliyi də həmsədrləri qınadı Siyasət

Xarici İşlər Nazirliyi də həmsədrləri qınadı

Hikmət Hacıyev: ""Neytral ərazi" ifadəsinin işlədilməsi qəbuledilməzdir"

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında "neytral ərazi" ifadəsinin işlədilməsi qəbuledilməzdir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinə məxsus olan hərbi-hücum helikopterinin zərərləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonunda baş verib: "Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi məxsusi olaraq, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur və güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır".