AŞ-da Naxçıvanla bağlı dinləmələr keçiriləcək Siyasət

AŞ-da Naxçıvanla bağlı dinləmələr keçiriləcək

Elxan Süleymanov: "Ermənistan Naxçıvanı da işğal edəcəyilə hədələyir"

Maltada AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. İclasda Milli Məclisin deputatı, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış edib.
O deyib ki, Naxçıvan Muxtar Respublikası İranla sərhəddə yerləşən, 410 min azərbaycanlının yaşadığı və təxminən 25 ildir Ermənistan tərəfindən blokadada olan Azərbaycan ərazisidir. Blokada nəticəsində hüquqları pozulmuş Naxçıvan əhalisi böyük əziyyətlərə düçar olub və regionda iqtisadi və sosial durum ağır olaraq qalır. Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal etdikdən sonra Naxçıvanı da öz ərazilərinə qatacaqları ilə hədələyir. Naxçıvan sakinlərinin bu davamlı təhdidlə üz-üzə qaldıqlarını nəzərə alsaq, belə təhlükəli ərazidə gündəlik həyatın yüksək təzyiq altında olduğunu görərik. Maraqlıdır ki, 25 il ərzində heç bir beynəlxalq qurumda, o cümlədən AŞPA-da Naxçıvanın blokadası barədə hər hansı bir dinləmə, müzakirə aparılmamış, sənəd qəbul edilməyib. Hazırda region əhalisi ciddi humanitar faciə ilə üz-üzədir.
E.Süleymanov beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar faciənin aradan qaldırılmasının vacibliyinə yönəltməyə çağırıb və xüsusi vurğulayıb ki, bu gün Azərbaycanın işğal altında olan ərazilərindən qovulmuş 1 milyona yaxın qaçqınla yanaşı Naxçıvanın 410 min əhalisi, eləcə də, Sərsəng humanitar faciəsi təhlükəsi altında olan 450 min nəfər, ümumulikdə 1 mln 850 min azərbaycanlı işğal və blokadanın girovuna çevrilib.
Deputat Ukrayna hadisələrindən dərs götürməyə, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının işğala göz yummayaraq Azərbaycan torpaqlarının işğalı və blokadası ilə əlaqədar qəti qərarlar qəbul etməli olduğuna çağırış edib.
Avropa ölkələrindən olan bir neçə deputat Elxan Süleymanovun qaldırdığı məsələləri dəstəkləyərək onunla həmrəy olduqlarını bildiriblər.
Bu çıxışdan sonra Monitorinq Komitəsində qərara alınıb ki, hər iki ölkə - Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar vəziyyəti ilə bağlı araşdırmalar apararaq bu məsələləri məruzələrinə daxil etsinlər. Avropa Şurası isə qaldırılan məsələləri daim nəzarətində saxlasın.
Sonda Monitorinq Komitəsinin sədri Stefan Schennach Avropa Şurasında Naxçıvanın blokadası ilə bağlı dinləmələrin keçirilməsinin vacibliyini vurğulayıb.

CƏMİL