Dövlət başçısı Tarif Şurasının qərarını ləğv etdi Siyasət

Dövlət başçısı Tarif Şurasının qərarını ləğv etdi

Bahar Muradova: "Prezident vətəndaşları narahat edən məsələdə həssaslıq göstərdi"

Vahid Əhmədov: "Tarif Şurasının qərarı ciddi problem idi və əhali arasında geniş müzakirəyə səbəb olmuşdu"

Tarif Şurasının benzinin qiymətinin qaldırılması ilə bağlı qərarının icrası cəmi bircə gün çəkdi. Cəmiyyətdə ciddi narazılıqlara və müzakirələrə yol açan qərar artıq qüvvəsini itirib. Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının qərarını onun qəbulunu elə ertəsi günü ləğv etdi.
Tarif Şurasından bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək. Qərarın tam mətni Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.
Dövlət başçısının bu addımı cəmiyyətdə rəğbətlə qarşılanıb. Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərdi. Vitse-spikerin fikrincə, Prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırdı: "Hesab edirəm ki, cənab Prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə bu dəfə də sadiqlik göstərdi. Bu, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi münasibətilə bütün yanacaq istifadəçilərini təbrik edirəm! Hesab edirəm ki, bu qısa müddətdə onların büdcəsinə elə bir ciddi ziyan dəymədi. Lakin bu faktın özü cənab Prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi mən də öz adımdan ona təşəkkür edirəm!"
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, Prezident İlham Əliyevin Tarif Şurasının ölkədə yanacağın qiymətinin artırılması haqqında qərarını ləğv etməsi çox müdrik və vaxtında atılan bir addımdır.
O qeyd edib ki, yanacağın qiymətinin 2 qəpik artması ilə dövlət büdcəsinə təxminən 60-70 milyon manat vəsait daxil ola bilər: "Ancaq bu qiymət artımı ərzaq və digər məhsulların qiymətnin artmasına təsir edir. Biri var subyektiv, biri də var obyektiv. Obyektiv odur ki, qiymət hər bir məhsulun maya dəyərində yanacağın qiymətinə uyğun olaraq artırılır. Ancaq bəzi insanlar bundan subyektiv qiymət üçün istifadə edirlər, istədikləri qiyməti qoyurlar. Ola bilər ki, qiymətlər 50-60 faiz artsın".
Millət vəkilinin sözlərinə görə, bu ciddi problem idi və əhali arasında geniş müzakirəyə səbəb olmuşdu: "Dövlət başçısı bütün bunları düzgün qiymətləndirdi və bu qərarı ləğv etdi. Bununla, cənab Prezident çox humanist bir addım atdı və bu qərarı ləğv etdi".
Vahid Əhmədov neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycanın gəlirlərinə ciddi təsir göstərdiyini deyib: "Dövlət büdcəsi müzakirə olunanda neftin qiymətinin 90 dollar ətrafında götürülməsi barədə fikir mübadilələri getdi. Həm komitənin iclasında, həm də plenar iclasda neftin qiymətinin düşə biləcəyi ehtimalının nəzərə alınması təklifləri oldu. Yəni təklif olundu ki, elə bir qiymət müəyyənləşdirilsin ki, neftin qiyməti aşağı düşərsə belə, büdcəyə təsiri az olsun. Buna baxmayaraq, hökumət üzvləri bizi əmin etdi ki, neftin qiyməti 90 dollardan aşağı olmayacaq, ona görə də büdcəni təstiq etdik. Amma dünya bazarında neftin qiymətinin durmadan ucuzlaşması ciddi təhlükə yarada bilər. Hazırda dünya bazarında neftin qiyməti 40 dollara yaxınlaşıb və proses davam edir. Azərbaycanda neftdən gələn gəlirlər əsasən Dövlət Neft Fondunda cəmlənir. Dövlət büdcəsi cəmi 11 faiz neftdən asılıdır, bu da təxminən 2,2 milyard manata yaxın vəsaitdir.
Dünyada qiymətlərin kəskin şəkildə düşməsi Azərbaycan iqtisadiyyatına, Dövlət Neft Fondunun gəlirlərinə ciddi təsir göstərəcək. Amma ola da bilər ki, may-iyun aylarında dövlət büdcəsinə yenidən baxılsın və investisiya xərclərinin azaldılması istiqamətində addımlar atılsın. Amma prezident İlham Əliyev və maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, Azərbaycan üçün bir neçə varintlar var. Böyük ehtimalla həmin variantlara da baxılacaq".
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov da söyləyib ki, Tarif Şurasının ölkədə yanacağın qiymətinin artırılması haqqında qərarının dövlət başçısı tərəfindən ləğv edilməsi əhali tərəfindən çox müsbət qarşılanıb və bu addım Azərbaycanda gedən iqtisadi proseslərə öz müsbət təsirini göstərəcək.
Millət vəkilinin fikrincə, hazırda dünyada gedən proseslər Azərbaycanda həyata keçirilən layihələrdə də müəyyən istiqamətlər üzrə dəyişikliklərə gətirib çıxaracaq və bunu hökumətdə siyasi qərar qəbul edən şəxs olan cənab Prezident və iqtisadi blokun nümayəndələri hər zaman müzakirə edirlər: "Bəzi hallarda iqtisadi blokun daha çox müəyyən sahələrdə qiymətlərin artırılmasına nail olmaq istəməsi normal haldır. Ümumiyyətlə, bütün dünyada iqtisadi və siyasi blokların nümayəndələrinin fikirlərinin bir-birindən ayrılması normal prosesdir. Cənab Prezidentin siyasi iradəsi isə bir daha onu göstərdi ki, Azərbaycanda gedən iqtisadi-siyasi proseslər Prezident İlham Əliyev tərəfindən çox diqqətlə, çox peşəkarlıqla izlənilməklə yanaşı, onun gündəlik fəaliyyətinə daxil olan məsələlərdir".
F.Muradov hesab edir ki, dövlət başçısının bu yanaşması insanların gündəlik həyatına da təsir edəcək: "Düzdür, Tarif Şurasının qaldırdığı qiymət elə də böyük deyildi, amma bu, ümumiyyətlə, istər kənd təsərrüfatı, istər ərzaq təhlükəsizliyi, istərsə də digər məsələlərdə öz müsbət təsirini mütləq göstərəcək".