“Hulusi Akar da Türkiyənin yetişdirdiyi ən ranqlı generallardandır” Dünya

“Hulusi Akar da Türkiyənin yetişdirdiyi ən ranqlı generallardandır”

Emin Həsənli: "Yeni təyinat qardaş Türkiyə Ordusunu daha da gücləndirəcək"


Türkiyə Silahlı Qüvvələrinin komandanlığı yenidən formalaşdırılıb. Belə ki, Silahlı Qüvvələrin Baş Qərargah rəhbəri Hulusi Akar təyin edilib. İndiki Baş Qərargah rəhbəri general Necdet Özel təqaüdə göndərilib. Türkiyənin yeni Baş Qərargah rəhbəri Hulusi Akar 1952-ci ildə Kayseridə doğulub. 1972-ci ildə Quru Hərb Məktəbindən, 1973-cü ildə isə Piyada Məktəbindən məzun olub. Akar 1980-ci ilə qədər Türk Quru Qüvvələri tərkibində müxtəlif birliklərdə tağım və bölük komandiri olaraq xidmət edib. 1982-ci ildə Quru Hərb Akademiyasını bitirən Hulusi Akar 7-ci Piyada Alayında qərargah rəhbəri vəzifəsində çalışıb. H.Akar daha sonra sıra ilə 12-ci Piyada Diviziyası Logistiq şöbə müdirliyi, Baş Qərargah katibliyində Plan Zabitliyi, Quru Hərb Akademiyasında müəllim, Cənubi Avropa Müttəfiq Qüvvələr Komandanlığı Kəşfiyyat Nazirliyində kəşfiyyat zabiti və digər vəzifələrdə çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ali Hərbi Şuranın ordu generalı Hulusi Akarın Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi olması haqqında verdiyi qərarı təsdiqləyib. Bundan başqa, Salih Zeki Çolak Quru Qoşunları Komandanı, Abidin Ünal Hava Hücumdan Müdafiə Qoşunları Komandanı, Qalip Mendi Jandarma Baş Komandanı təyin olunub, Dəniz Qoşunları Komandanı Bülənt Bostanoğlunun səlahiyyət müddətləri isə artırılıb. Prezident Administrasiyası avqustun 30-dan etibarən vəzifələrindən ayrılacaq Türkiyə Silahlı Qüvvələri rəsmilərinə, xüsusilə Necdət Özələ millət adından təşəkkür edib.
Məsələyə münasibət bildirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib ki, Türkiyə böyük dövlətçilik ənənəsi olan dövlətdir. Onun sözlərinə görə, Türkiyədə Osmanlı İmperiyası dönəmindən və daha sonra Atatürk tərəfindən inkişaf etdirilən, hər zaman öz sözünü deyən ordu ənənəsi mövcuddur: "Bu gün Türkiyə Silahlı Qüvvələri dövlətin bir nömrəli qarantıdır. Türkiyə dünyanın ən nizami və peşəkar ordusuna malikdir. Qardaş ölkənin ordusunda həddindən artıq nizam-intizam və vətənpərvərlik var. Çanaqqala savaşı, ötən əsrin 70-ci illərində Kiprdə keçirilən əməliyyat və bir çox tarixi qələbələr buna nümunədir. Azərbaycan-Türkiyə münasibətləri bu gün yüksək səviyyədədir və Azərbaycan Ordusunun formalaşmasına Türkiyə öz töhfəsini verir. Azərbaycan da hər zaman qardaş ölkəyə öz dəstəyini nümayiş etdirib. Bu gün də o ənənələr davam edir". E.Həsənli deyib ki, Türkiyə 30 ildən artıqdır PKK terror qruplaşması ilə döyüşür və ölkənin ərazi bütövlüyünü qoruyur, separatizmin qarşısını alır: "Hulusi Akar da Türkiyənin yetişdirdiyi ən ranqlı generallardandır. Bu mənada, Türkiyədə təsadüfi adam Baş Qərargah rəisi ola bilməz. Həmin insan Türk ordusunun sistemindən keçə-keçə gəlir. Hulusi Akar Quru Qoşunları komandanı, o cümlədən Baş Qərargah rəisinin müavini olub və indi isə bu vəzifəyə təyinat alıb. İndidən bilinir ki, 1-ci ordunun komandanı Quru Qoşunlar Komandanı, sonra isə Baş Qərargah rəisi olacaq. Bu ənənə Türkiyədə davam edir və bu dəyişikliklər hər 4 ildən bir olur. Hesab edirəm ki, yeni təyinat qardaş Türkiyə Ordusunu daha da gücləndirəcək. Yeni gələn şəxs islahatları davam etdirəcək. Xüsusilə, PKK və İŞİD-ə qarşı əməliyyatlar dayandırılmayacaq. Düşünürəm ki, Suriya və İraqın Türkiyə ilə sərhəd bölgələrində bir nizam intizamın şahidi olacağıq. Artıq dünyanın özündə bir intizam yaratmağa ehtiyac var. Dünyada terrorizmə qarşı mübarizədə Türk Ordusu öz sözünü deyəcək və Türkiyə özünün ərazi bütövlüyünün və dövlətçiliyin qorunmasında müstəsna rol oynayacaq". Ekspertin fikrincə, bir müddət əvvəl generallara qarşı aparılan əməliyyatlar Türk ordusuna qarşı çox mənfi imic formalaşdırmışdı. Lakin sonradan Türkiyə ictimaiyyətinin orduya güvəni günbəgün artdı: "Son hadisələrdə onu göstərir ki, Türkiyə dövlətinin təminatçısı onun silahlı qüvvələridir. Silahlı qüvvələrə inam yüksək olmalıdır və onları xalq dəstəkləməlidir, güvənməlidir. Çünki o insanlar ömrünü Vətənin müdafiəsinə həsr edir. Onu da qeyd edim ki, Hulusi Akar PKK ilə mübarizədə əməliyyatlara rəhbərlik etmiş şəxsdir. Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələrində PKK ilə savaşmış, daima əməliyyatlarda iştirak edən şəxslərin vəzifədə irəli çəkilməsinə önəm verilir. Təbii ki, Hulusi Akar da bu proseslərdən keçmiş bir zabitdir. Baş Qərargah rəisi həm də siyasi bir vəzifədir. Generallar tək hərbini deyil, həm də dünyada və regionda gedən siyasəti çox gözəl bilirlər". Qeyd edək ki, Hulusi Akar iki uşaq atasıdır, ingiliscə bilir.