Partiya sədrləri təhlükədə Dünya

Partiya sədrləri təhlükədə

İŞİD-in Türkiyədə bomba anbarı da var imiş

Cavid

Ankarada oktyabrın 10-da həyata keçirilən qanlı terror aktından sonra Türkiyə Daxili İşlər Nazirliyi kəşfiyyat məlumatlarına istinad edərək bütün vilayətlərə xəbərdarlıq yazısı göndərib. Türkiyə mediası xəbər verir ki, xəbərdarlıqda bütün partiya başçılarının və partiya qərargahlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.
Xəbərdarlıqda bildirilir ki, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirdaş başda olmaqla partiyanın rəhbər şəxsləri, millət vəkilləri və namizədləri, o cümlədən HDP-nin təşkil edəcəyi mitinqlərə hücum ola biləcəyi barədə kəşfiyyat məlumatları əldə olunub. Digər partiyaların da terror aktlarının hədəfi olması istisna edilmir və xəbərdarlıqda bütün partiyaların rəhbər şəxslərinin və qərargahlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib sayılıb.
Türkiyə təhlükəsizlik strukturlarının verdiyi məlumata görə, oktyabrın 10-da da terrorçuların əsas hədəfi məhz HDP-nin Ankaradakı baş qərargahı olub. Lakin həmin gün sülh mitinqinin keçiriləcəyini öyrənən terrorçular planlarında dəyişiklik ediblər.
Xatırladaq ki, Ankara dəmir yolu stansiyasının yaxınlığında baş verən terror aktında 102 nəfər dünyasını dəyişib. Yeri gəlmişkən, həmin terror aktından sonra aparılan istintaq çərçivəsində Ankara Respublika Baş prokurorluğu 2 gün əvvəl Qaziantepdə şübhəlilərin anbar olaraq istifadə etdikləri ünvanlarda çoxlu sayda silah-sursat tapmışdı.
Bu informasiyanın ardınca Qaziantepə gedən "Habertürk"ün jurnalist qrupu İŞİD-in bomba anbarı olaraq istifadə etdiyi və kamikadze üçün ləvazimatların olduğu anbara girib. Avtomatik qapıları polis tərəfindən qırılan "iş yeri"nin birinci mərtəbəsində bomba üçün istifadə olunan ləvazimatların olduğu çantalar, masa üzərində bomba üçün istifadə edilən toz maskası və dəmir çubuqlar tapılıb. İkinci mərtəbədə isə dini kitablar və bir masa üzərində mətbəx əşyaları olub.
Adını söyləməyən obyektin sahibi oranın 4 ay əvvəl icarə götürüldüyünü deyib: "Avtomatik qapıları həmişə bağlı idi, amma içəridən səs gəlirdi. Biz oranın paltar atelyesi olduğunu düşünürdük. Hətta obyekti icarəyə götürəndə kəmər tikəcəklərini bildirmişdilər. Amma içəridə kamikadze kəmərləri tikirmişlər".
İŞİD-in silah anbarının yanındakı mağazada çalışan suriyalı Rəmziyə Şahames isə bunları söyləyib: "Bir dəfə 4 nəfər mağazaya gəldilər. Mənim haralı olduğumu soruşdular. Mən Rakkadan gəldiyimi söylədim. Niyə gəldiyimi soruşanda bildirdim ki, orada İŞİD var, insanları öldürürlər. Mənə güldülər".
Polis Qaziantepdə təşkil etdiyi əməliyyatlarda 2,5 ton amonium nitrat, 10 intihar kəməri, 60 kiloqram TNT, 3683 ədəd patron, 10 paket kimyəvi partlayıcı, bomba istehsalında istifadə edilən kükürd, kamikadze kəmərinin tikilməsi üçün istifadə olunan maşın, 1 ədəd boş TNT qəlibi, bomba istehsalında istifadə edilən vəsaitlər, 25 qumbara, 1 ov tüfəngi və 6 "Kalaşnikov" avtomatı ələ keçirmişdi.