Ermənistanda vətəndaş qarşıdurması Dünya

Ermənistanda vətəndaş qarşıdurması

Dünən İrəvanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralananlardan 3-ü polisdir.
Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da olub. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. Nikol Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: "Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir"
Paşinyan daha sonra yenidən Baqramyan prospektindəki etirazçılara qoşulub.
Nikol Paşinyanla bərabər aksiyaya Ermənistan parlamentindəki "Yelk" (Çıxış) fraksiyasının üzvləri Edmin Marukyan, Aram Sarkisyan və Mane Tandilyan da qatılıb.
Dünən yerli vaxtla saat 19:00-da mitinq yenidən başlayıb.
Qeyd edək ki, "Yelk" siyasi bloku 2016-cı ildə, "Maariflənmiş Ermənistan", "Vətəndaş müqaviləsi" və "Respublika" partiyalarının liderləri tərəfindən yaradılıb. "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyandan fərqli olaraq, bloka daxil olan digər iki partiyanın sədrləri Edmon Marukyan Armen Sarkisyan aksiyalara qatılmayıblar".