Çinin Rusiyanı işğal planı Dünya

Çinin Rusiyanı işğal planı

Rusiyanın Uzaq Şərq və Sibirdə yaşayan əhalisi az olduğuna görə çinlilərin buraya sürətlə köçməsi və artması gələcəkdə Rusiyaya ciddi problemlər yaradacaq.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əslində Çinin Amur çayı hövzəsinə, ümumiyyətlə, Rusiya ərazilərinə nüfuzu prosesi çoxdan gedir:"Qeyri-rəsmi məlumatlara görə, artıq 6 milyona yaxın çinli orada müxtəlif işlərdə çalışır və yaxud da müvəqqəti yaşayır. Müəyyən məskunlaşma işlərinin orada getdiyi ilə bağlı məlumatlar da var. Hətta Rusiya mediası da bununla bağlı yazır. Açığı, Çinin bu mənada yumşaq gücü və səbri var. Çin fərqli dövlətdir, Qərb dövlətləri kimi daha aqressiv davranmır. Uzun zamana və vədəyə hesablanmış planlar qurur. Mən əminəm ki, Çinin Uzaq Şərqin ekspansiyası nöqteyi-nəzərindən ciddi planları var".
N.Cəfərli vurğulayıb ki, dünyada qəbul edilmiş "Çaynataun" adlı bir fenomen var:
"Yəni bütün böyük ölkələrdə kiçik Çin şəhərcikləri salınır. Amma Rusiya üçün təhlükə daha böyükdür, çünki Çinlə sərhəd ölkədir. Sərhəd bölgələri də maraqlıdır ki, Çinin nüfuzu burada artsın. Çin dövləti eyni zamanda bunun üçün təşviqat işləri də aparır, bura köçən insanlar üçün müəyyən yardımlar da göstərir. Təqribən 30-50 ildən sonra Rusiya ayıla bilər ki, Uzaq Şərqin, Baykal ətrafı ərazilərdə yaşayan əhalinin böyük əksəriyyəti artıq çinlilərdir. Yəni burada 20-30 milyon çin əsilli əhalinin yaşaya bilməsi proqnozlaşdırılır. Bu da ekspansiyanın çox yumşaq və uzun vədəyə səpilmiş formasıdır".
İqtisadçının sözlərinə görə, Rusiyanın da ciddi demoqrafik problemi var:
"Uraldan Uzaq Şərqə qədər ərazidə Rusiyanın 140 milyon əhalisinin cəmi 33 milyonu yaşayır. Ərazi olaraq isə bu bölgə az qala Çindən böyükdür".