“YPG/PKK terror ünsürləri Suriya sərhədlərindən çəkilməyəcəyi təqdirdə...” Dünya

“YPG/PKK terror ünsürləri Suriya sərhədlərindən çəkilməyəcəyi təqdirdə...”

Dmitri Peskov: “Türk ordusu onların üzərindən keçəcək”

Rusiya ilə əldə edilən anlaşmadan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son gəlişmələr haqda önəmli açıqlamalar verib. O bildirib ki, YPG terrorçuları 150 saat ərzində Suriya ərazilərinin 30 kilometr içinə doğru geri çəkiləcək.
Nazirin sözlərinə görə, 150 saat müddət başa çatdıqdan sonra Kobanidən İraq sərhədinədək 10 km dərinlikdə Rusiya ilə birlikdə patrul xidməti aparılacaq: “Amma bir istisna var, rejim ordusu ilə üz-üzə gəlməmək üçün birgə patrul xidməti məsələsində Qamışlı şəhəri kənarda qalacaq. Bu o demək deyil ki, YPG bu bölgədə olacaq.
Paralel olaraq, YPG Menbiç və Təl-Rıfatdan da çıxarılacaq. Beləliklə, bölgədə terror dövlətinin qurulmasının qarşısını aldıq. Önəmli olan terrorçuların bölgədən çıxarılması idi və təhlükəsizlik bölgəsində regional idarəetmə sistemi qurulacaq”.
Çavuşoğlu Suriyanın Bəşər Əsəd hökuməti ilə təmaslara da toxunub: “Hazırda rejimlə siyasi əlaqələr yoxdur, olsa da ancaq kəşfiyyat əlaqələri ola bilər. Siyasi əlaqə istəsə də, bu rejimin elə bir nüfuzu yoxdur”.
Türk nazir qeyd edib ki, suriyalı qaçqınların geri qaytarılaraq təhlükəsizlik bölgəsində yerləşdirilməsi işi Rusiya ilə birlikdə aparılacaq: “Bu məsələdə Rusiya ilə birlikdə işləyəcəyik. Avropanın üç ölkəsi ilə də bir araya gəlmək ehtimalı var”.
Mövlud Çavuşoğlu Rusiya və Türkiyənin bölgədə birgə patrul xidmətini həyata keçirəcəyini deyib: “Patrul xidməti 10 kilometr dərinliyədək aparılacaq. Ortaq patrul xidmətində vaxt məhdudiyyəti yoxdur, bu, Suriya məsələsi siyasi həllini tapanadək aparılacaq”.
Əlavə edək ki Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə Suriya probleminə dair anlaşma imzalayıb.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, YPG/PKK terror ünsürləri Suriya sərhədlərindən çəkilməyəcəyi təqdirdə türk ordusu onların üzərindən keçəcək. Peskov jurnalistlərə açıqlamasında Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşmanı da qiymətləndirib. ABŞ-ın son illər YPG/PKK ünsürlərinin ən yaxın müttəfiqi olduğunu xatırladan Kremlin sözçüsü deyib ki, bu müttəfiqliyin nəticəsində ABŞ onlara xəyanət edib: “İndi onları sərhəddə yanlız buraxıb türklərlə müharibə aparmağı sövq edirlər”.
Peskov razılaşma çərçivəsində YPG/PKK-nın sərhəddən çəkilməsinin lazım olduğunu vurğulayıb: “Əgər geri çəkilməsələr, rus hərbi polisi Suriyanın sərhəd təhlükəsizliyini qorumaq məcburiyyətində qalacaq. Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşma çərçivəsində geri çəkilməmələri halında türk ordusu onların üzərindən keçər”.
Amerika prezidenti Rusiya və Türkiyə prezidentləri arasında Soçidə keçirilmiş görüşdən danışıb. Tramp Suriyada, Türkiyə və Yaxın Şərqdəki gərgin vəziyyətin düzəldiyini bildirib.
“Deyəsən, indi Türkiyə, Suriya və Yaxın Şərqdən yaxşı xəbərlər gəlir. Daha sonra yeni xəbərlər də olacaq”, - Tramp qeyd edib.
ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib ki, kürd özünümüdafiə qüvvələri (YPG terror təşkilatı) Suriyanın şimalındakı təhlükəsizlik zonasını tamamilə tərk edib.
Pensin sözlərinə görə, ABŞ hökuməti kürdlərin müdafiə qüvvələrinin komandirindən bütün silahlı qüvvələrin Türkiyənin hərbi nəzarəti altındakı bölgədən çıxarıldığı barədə bir mesaj alıb.
ABŞ-ın vitse-prezidenti əlavə edib ki, Vaşinqton kürd müttəfiqlərinə İŞİD terror təşkilatına qarşı əməliyyatlarda göstərdikləri köməyə görə minnətdardır: “İŞİD-lə mübarizədə məqsədlərimizə çatdıqdan sonra Prezident Donald Tramp Amerika xalqına verdiyi sözü tutur və qoşunlarımız vətənə qayıtmağa başlayır”.
Almaniya Kansleri Angela Merkel Suriyanın şimalında (Türkiyə sərhədlərində) bufer zonanın qurulması təklifinə dəstək verib. Kanslerdən əvvəl Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Suriyanın şimalında beynəlxalq təhlükəsizlik zolağının qurulmasını təklif etmişdi.
Merkel təhlükəsizlik bölgəsinin ancaq BMT-nin qərarı ilə və müştərək prinsiplərə görə müəyyən edilməsinin vacibliyinə diqqət çəkib.
Kansler bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Boris Consonla görüşdə müzakirə edəcəyini deyib: "Hesab edirəm ki, bu təklifi yoxlamaq olar. Bu böhran üçün həll yolları axtarmaq bizim vəzifəmizdir".
Merkel Suriyada bufer zona məsələsinin 2016-cı ildə gündəmə gəldiyini, amma Rusiyanın buna veto qoyduğunu xatırladıb.
O, Türkiyənin Suriyanın şimalında təkbaşına və qalıcı hərbi varlığına əngəl olmasının vacibliyinə diqqət çəkib.