Rusiya qoşunları Ukraynaya daxil oldu Dünya

Rusiya qoşunları Ukraynaya daxil oldu

Ukrayna ordusu Luqanskda 500 rus separatçısını, 3 "Strela 10" zenit-raket kompleksini və 40 ədəd zirehli texnikanı məhv edib

Cavid

Ukraynanın şərqində hökuməti qüvvələrinin separatılara qarşı hərbi əməliyyatları ara vermir. Məlumata görə, son sutka ərzində Ukraynanın şərqində gedən döyüşlərdə 5 hərbçi həlak olub, 8 nəfər isə yaralanıb. Dünən separatçılar Donetsk vilayətində Kommunar yaşayış məntəqəsini "Qrad"lardan atəşə tutublar. Qəsəbədə evlər yanıb. Qeyd edək ki, Kommunarda heç bir hərbi hissə və mövqe yerləşmir. İtkilər barədə hələlik məlumat yoxdur.
Dünən həmçinin Ukraynanın İlovaysk şəhəri uğrunda antiterror gücləri ilə separatçılar arasında döyüşlər davam edib. Unian.net saytının verdiyi məlumata görə, bu barədə "Donbas" batalyonunun "facebook" səhifəsində bildirilib. Döyüşlərdə 50-dən çox separatçı, həmçinin, separatçıların 4 blokpostu məhv edilib. Batalyonun 17-ci motoatıcıbölüyü və 93-cü briqadası separatçıların şəhərdəki cənub qruplaşması ilə döyüşür. Xəbərdə qeyd olunur ki, şəhərin cənub keçidi artıq ələ keçirilib. Düşmənin fəallaşmasına, əks-hücumuna baxmayaraq, anti-terror qüvvələri terrorçulara ciddi zərbə vurmağa, onların mövqelərini ələ keçirməyə davam edir Bu barədə isə anti-terror mərkəzindən məlumat verilib. Təxminən 40 nəfərə yaxın canlı qüvvə, 3 BMP və 1 tank məhv edilib.
Elenovka yaxınlığında hərbi maşın karvanının atəşə tutulması nəticəsində isə 5 tank, 6 zirehli döyüş maşını, 1 BM-21 "Qrad" qurğusu, 1 haubitsa və 80-ə yaxın rus muzdlusu öldürülüb. ən son məlumata görə isə, daha 2 tank və 1 BMD vurulub. Ümumilikdə isə Luqansk yaxınlığında 500 rus separatçısı, üç "Strela 10" zenit- raket kompleksi, 40 ədəd zirehli texnika, o cümlədən 8 tank, 10 zirehli döyüş maşını, 1 haubitsa məhv edilib.
Mərkəzdən eyni zamanda bildirilib ki, İlovaysk rayonunda Donbas batalyonu əməliyyat çərçivəsində 50, Krivbass ərazi müdafiə batalyonu isə 40 separatçını məhv edib. O da bildirilir ki, Ukrayna ərazisinə daxil olan Rusiya ordu dəstələri Novoazovskda atəş açmağa başlayaraq Mariupola tərəf irəliləməyə başlayıb. Bu haqda Donetsk sərhəd bölməsinin 9937 saylı hərbi hissəsinin hərbçisi məlumat yayıb: "Biz Rusiya hərbçilərinin sərhədi keçdiyini müşahidə etmişik. Kolonda tanklar, BTR və "KaMAZ"lar irəliləyirdi. Onlar Şerbak və Markono kəndləri arasındakı ərazidə yerləşiblər. Bir neçə tank isə Roza Lüksemburq qəsəbəsinə tərəf irəliləyir".
Rusiya ordusunun artıq Ukrayna ərazisində 4-5 kilometr irəlilədiyi də bildirilir.
Politoloq Qabil Hüseynli belə bir vəziyyətdə Rusiyanın növbəti hücumları üçün əlverişli zəmin formalaşdırdığını vurğulayıb: "Reallıq bundan ibarətdir ki, Rusiya Krımın işğalı zamanı heç bir müqavimətlə rast gəlmədi. Referendum adı altında Rusiya Krımı işğal elədi. Doğrudur, müəyyən təxribatçı qruplar, agent təbəqəsi bəzi işlər aparırdı. Lakin silahlı qarşıdurma olmadı. Krımdakı Ukrayna qoşunları isə mövqelərini tərk edərək bölgədən çıxdılar".
Politoloqun bildirdiyinə görə, Ukrayna ordusunun tam olaraq formalaşmaması, habelə böyük hərbi potensiala malik olan Rusiyanın öz gücünün önəmli bir qismini bu bölgəyə cəmləməsi Ukraynanın vəziyyətini ağırlaşdırır.
Amma ekspert Rusiyanın Ukrayna qarşısında sərgilədiyi bütün üstünlüklərin müvəqqəti xarakter daşıdığını vurğuladı: "Ukrayna qoşunları oturuşmuş, nizami bir orduya çevrilə bilməyib. Bu səbəbdən də Şərqi Ukraynada da lazımi müqavimət və güc sərgiləyə bilmir. Rusiya isə regional gücdür və Ukraynadan bir neçə qat güclüdür. Gücünün böyük bir qismini bu bölgəyə toplayıb. Bu baxımdan təbii ki, Ukrayna qarşısında üstünlük qazana bilər. Lakin bu, bütün hallarda müvəqqəti üstünlük olacaq".
Q.Hüseynlinin sözlərinə görə, Ukraynanın vəziyyətini ağırlaşdıran digər bir amil Qərbin Ukraynaya lazımi dəstək göstərməməsidir: "Ukrayna ordusunun məğlubiyyətinin bir səbəbi ordunun tam formalaşmaması və onun içərisindəki satqınlıq idisə, digər səbəbi də Qərb tərəfdaşlarının ona verdiyi sözə əməl etməməsi oldu. Onlar meydanı qızışdırdılar, xalqı ortaya saldılar. Müharibə başlayıb və Ukrayna xalqı böyük bir imperiya ilə mübarizə aparı. Bu müharibədə Qərbin Ukraynaya dəstəyi yalnız zirehli gödəkçə və s. kimi ləvazimatlardan başqa bir şey deyil".
Q.Hüseynli NATO-nin indiki məqamdakı qərarsızlığını da sərt tənqid etdi: "Ukraynanı uzun müddətdir ki, NATO-ya daxil etmək istəyən bu qurumun rəhbərliyinin özü də Rusiyaya qarşı ciddi təzyiq ortaya qoymur. Qərb bu məsələdə sanksiyalar taktikasını seçib".
Politoloqun fikrincə, Qərbin sanksiyaları kifayət qədər geniş sahəni əhatə etsə də, Rusiya hələ ki, öz daxili ehtiyatları hesabına bu sanksiyaların zərərli təsirindən qoruna bilir: "Qərbin sanksiyaları Rusiyanı sarsıtsa da, Rusiya daxili ehtiyatları böyük olan bir ölkə kimi özünü müəyyən itkilər bahasına olsa da, bütövlükdə qoruyub saxlaya bilir. Amma bunu da demək olmaz ki, Rusiya sona qədər ayaqda olacaq və həmişə Ukraynanı geri oturda biləcək. Zənnimcə, bu müvəqqətidir. Qərbin də tədricən hərəkətə gəlməsi müşahidə olunur".
Q.Hüseynli hesab edir ki, hazırda proseslər Rusiyanın zəifləməsi istiqamətində cərəyan edir. Rusiyanın iqtisadi baxımdan ciddi problemlərlə üz-üzə qaldığına diqqət çəkən ekspert, yaxın gələcəkdə daha böyük problemlərin meydana çıxacağını da istisna etmədiyini bildirdi: "Rusiya bütün baş verən proseslərin fonunda zəifləyir. Rusiya iqtisdiyyatında artım yoxdur, Əksinə geriləmə və inflyasiya var. Ölkədə yeni texnologiyalar əsasında istehsalla məşğul olan bütün sənaye sahələri öz fəaliyyətini dondurub. Bu baxımdan yaxın gələcəkdə Rusiyada daha ciddi problemlərin baş qaldıracağı gözləniləndir. Ukrayna-Rusiya müharibəsində Rusiyanın mütləq qalib gələcəyini söyləmək mümkün deyil".
Ekspertin firkincə, Ukrayna bəlli bir müddətdən sonra da olsa Krım və işğal altındakı digər torpaqlarını Rusiya əsarətindən azad edərək öz ərazi bütövlüyünü təmin edəcəkdir: "Şübhəsiz, Ukraynanın proseslərdə dönüş yaratması, işğaldakı ərazilərini azad etməsi müəyyən zaman tələb edə bilər. Lakin zənnimcə, Ukrayna bunu bacaracaq və gec-tez prosesləri öz xeyrinə yönəldə biləcək. Bundan sonra Krımın geri qaytarılması prosesi başladılacaq. Bu proses uzun çəkə bilər. Lakin nəticədə Ukrayna bütöv və bölünməz olacaq".
Yeri gəlmişkən, Amerikanın "Time" jurnalı növbəti nömrəsinin üz qabığında Rusiya prezidenti Vladimir Putinin şəklini yerləşdirib. Prezident qırmızı fonda "II Soyuq müharibə: Qərb təhlükəli oyunda Putinə uduzur" başlığı altında təsvir edilib. Jurnalın saytında "Rusiyada cəzasız cinayət" məqaləsi yer alıb. Məqalənin müəllifi Saymon Şuster Qərb ölkələrini hətta "Boinq 777" təyyarəsinin vurulmasından sonra da təcavüzkar Rusiyaya qarşı yumşaq münasibətlərinə görə tənqid edir. O, qeyd edir ki, AB-yə daxil olan heç bir ölkə Kreml ilə sərt davranmayıb, Hollandiyanın baş naziri Mark Rütte isə hələ bir aviaqəzanın araşdırılmasında və həlak olmuş hollandların cəsədlərinin daşınmasında Putindən kömək də istəyib. Müəllifin fikrincə, bütün bunlar Rusiya prezidentini bir daha əmin edir ki, o, hələ son həddə çatmayıb və Ukraynada bundan sonra da irəliləyə və Avropada ağlına gələn hərəkəti edə bilər.