“Biz yeni bir sürgün yaşamaq istəmirik!” Dünya

“Biz yeni bir sürgün yaşamaq istəmirik!”

Türkiyədəki Krım Dərnəkləri Federasiyasının başqanı: "Rusiyanın hərbi müdaxiləsinə qarşıyıq"

Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyədə fəaliyyət göstərən Krım Dərnəklərinin başqanları ilə nazirlikdə görüş keşirib. Görüşdən sonra Türkiyədəki Krım Dərnəkləri Federasiyasının başqanı Ünver Sel APA-ya verdiyi açıqlamada "Bundan sonra Krımdan sürgün yaşamaq istəmədiklərini" vurğulayıb.
"Krımda yaşanan prosesləri necə dəyərləndirirsiniz?"- sualına Ünver Sel bu şəkildə cavab verib: "Bu, Qərblə Şərq arasında tarixi kökləri olan çəkişmənin növbəti təzahürüdür. Ukraynada inqilab yolu ilə hakimiyyət dəyişikliyi yaşansa da indiki hakimiyyət ölkənin bütün bölgələrinə nəzarət edə bilmir. Krım tatarları 18 may 1944-cü ildə deportasiyaya məruz qalıblar. Sovet İttifaqının dağılmasından sonra vətənə qayıdan Krım tatarları Ukrayna dövlətindən haqlarını ala bilməyiblər. Krımda ruslarla aramız onsuz da soyuq idi, ona görə də bu hadisələrin əvvəl-axır meydana çıxacağını gözləyirdik. Mən bunu Rusiyanın Kosova intiqamı kimi qiymətləndirirəm. Problemin sülh yolu ilə həll edilməsini istəyirik. Rusiyanın bölgəyə silahlı müdaxiləsinə qəti şəkildə qarşıyıq".
APA-nın "Bir az əvvəl xarici işlər naziri Əhməd Davutoğluyla görüşdən çıxdınız. Türkiyə Krım tatarlarını qorumaq üçün hansı addımları atmağı düşünür?"- sualını isə Krım Dərnəkləri Federasiyasının başqanı Ünver Sel bu sözlərlə cavablandırıb : "Türkiyə həmişə bizi dəstəkləyib və dəstəkləməyə davam edəcək. Əlbəttə ki, Türkiyənin də Qara dənizdə marağı var və ona görə Türkiyə problemin sülh yolu ilə həll edilməsini istəyir. Rusiyanın bölgəyə müdaxilə etməməsi və problemin diplomatiya yolu ilə həll edilməsi üçün Türkiyə əlindən gələn hər şeyi etməyə hazırdır. Bu gün hörmətli Davutoğlunu bununla bağlı qərarlı gördük".