Yeni dünya müharibəsi astanasında Dünya

Yeni dünya müharibəsi astanasında

ABŞ təcavüzkar siyasətini davam etdirən Rusiyaya qarşı daha geniş ittifaq axtarışındadır

Cavid

Ukraynada Rusiya-Qərb qarşıdurması getdikcə güclənməkdədir. Krımda hər gün sayı artırılan rus hərbi birləşmələri dövlət obyektləri ilə yanaşı bir sıra hərbi hissələri də ələ keçirib.
Rəsmi Kiyev bəyan edir ki, rus qoşunlarının sayı hər saat boyunca artır. Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş I müavini İqor Kabanenko da Kiyevdə təşkil olunmuş dəyirmi masadakı çıxışında deyib ki, Krımdakı Rusiya qoşunlarının artımı prosesi saatbasaat baş verir: "Rus qoşunlarının sayı saatbasaat artır. Bəli, indi Ukraynada 30 minə yaxı rus əsgəri var. Onların Odessa və Xerson istiqamətində hücuma keçməsi və zərbə qrupu yaratması üçünsə cəmi 35 min nəfər döyüşçüyə ehtiyacı var. Şərq istiqamətində hücuma gəlincə isə bunlar Luqansk və Donetskdir. Bu şəhərlərə hücum üçün lazım olan qruplar isə artıq mövcuddur".
İ.Kabanenko deyib ki, o, Ukrayna Silahlı Qüvvələri ilə hər gün təmasa girir: "Ukrayna hərbçiləri Rusiya təcavüzünə qarşı çıxmaq üçün aktiv fəaliyyətə keçməli, həmçinin rusların Krımda daha güclü mövqe tutmasına imkan verməməlidir. Bu gün üçün ən vacib məsələ Krımdır".
Artıq martın 16-da Krımın Ukraynadan ayrılması mövzusunda keçirilməsi gözlənilən referendumdan əvvəl Rusiyanın bölgədə təsir gücünü artırdığı nəzərə çarpır.
Ukrayna və Qərb isə bunun qeyri-qanuni olduğunu söyləyirlər.
Ötən gün rus hərbi birlikləri və yerli milislər hesab edilən silahlı şəxslər Krımda bir hərbi xəstəxananı ələ keçirib, daha sonra Sevastopol mərkəzi xəstəxanalarının birində isə təxminən 30 xəstəni hədələyiblər.
Rus tərəfdarı olan birliklər Ukrayna əsgərlərinin Krım daxilində hərəkət etməsinə icazə vermir. Rəsmi Moskva isə əsgərlərinin bu cür əməliyyatlarda iştirak etdiyini təkzib edib.
Qeyd edək ki, Kiyev hökuməti, Avropa İttifaqı və ABŞ Rusiyanı beynəlxalq hüququ pozaraq Ukraynanı işğal etməkdə günahlandırır.
ABŞ dövlət katibi Con Kerri isə Rusiyaya səfərini təxirə salıb. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib: "ABŞ tərəfinin xahişi ilə cənab Con Kerrini Moskvaya dəvət etmişdim. O, Rusiya ilə məsləhətləşmələr üçün Moskvaya səfər etmək istəyirdi. Əvvəlcə Con Kerri səfər etmək barədə razılıq vermişdi. Lakin şənbə günü mənə zəng edərək səfəri təxirə saldığını dedi".
Qeyd edək ki, Ukraynada baş verən hadisələrə görə ABŞ və Rusiya arasında soyuqluq yaranıb.
ABŞ prezidenti Barak Obama isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı beynəlxalq dəstək toplamağa çalışır. Obama bu dəfə Ukraynada siyasi börhan başladıqdan sonra məsələyə münasibətdə neytral mövqe tutan Çinin prezidenti Si Tszinpinlə danışıqlar aparıb. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, liderlər bu məsələdə beynəlxalq ictimaiyyətin rəyinə uyğun hərəkət etməyə razılıq veriblər.
"Hər iki lider Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinin qorunmasında razlığa gəliblər. Rusiyanın Ukraynaya təcavüz etməsi barədə heç bir mübahisə ola bilməz. Bu faktdır".
ABŞ prezidenti Barak Obama həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefon əlaqəsi yaradıb. "RİA Novosti"nin verdiyi məlumata görə, B.Obama N.Nazarbayevi Ukraynada yaranmış problemin həllində fəal rol oynamağa çağırıb.
"Liderlər Rusiya ilə Ukrayna arasındakı mübahisənin sülh yolu ilə həllinin tapılmasında ümumi maraq ifadə ediblər. Onlar razılaşıblar ki, suverenlik və ərazi bütövlüyü prinsipini dəstəkləmək vacibdir", - deyə Ağ Evin açıqlamasında bildirilir.
B.Obama Ukrayna hadisələrini İspaniyanın baş naziri Mariano Rahoy ilə də müzakirə edib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron qeyd edib ki, Rusiyanın Ukraynadakı fəaliyyətinə heç cür haqq qazandırmaq olmur: "Ukrayna xalqının gələcəyi alt-üst edilib. Avropa Şurası Rusiyaya açıq-aydın ismarış göndərib. Rusiyanın hərəkətləri beynəlxalq qanunlara qarşı ziddir və bunun nəticələrinə qatlaşmalı olacaq. Krımın statusuna dair referendum isə qanunsuzdur və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə gərgin vəziyyətlə əlaqədar prezident Vladimir Putinlə görüşüb. Görüş zamanı Lavrov ABŞ dövlət katibi Con Kerrinin Amerikanın Ukrayna ilə bağlı mövqeyini əks etdirən sənədlərlə bağlı Putinə məruzə edib.
"Kerri ötən cümə günü sənədləri bizə təqdim etdi. Sənədlərdə göstərilən konsept bizim mövqeyimizlə qətiyyən uyğun gəlmir. Çünki sənədlərdə hər şey sanki Rusiya ilə Ukrayna arasında münaqişə yaşanıbmış kimi əsaslarla təsvir olunub və Rusiyanın faktı təsdiqləməsi tələb olunub".
ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynadakı böhranın diplomatik yolla həlli ilə bağlı ABŞ-ın təklifini müzakirə etməyə hazır olmasına sübut istəyir.
Dövlət Departamentinin sözçüsü Jen Psaki bildirib ki, dövlət katibi John Kerry bununla bağlı bir sıra ideyalar təklif edib və Rusiya tərəfindən konkret addımlar olasa bunu müzakirə etməyə hazırıq.
NATO da Ukraynadakı mövcud durumu izləmək üçün Polşa və Rumıniyadakı "AWACS" kəşfiyyat qırıcılarından istifadə edəcək.
İttifaq uçuşların başladılmasına tapşırıq verib. NATO-nun mətbuat katibi kəşfiyyat qırıcılarının ittifaqa daxil olan zonalarda uçacağını bildirib.
BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı yenidən iclas cağırıb. Təhlükəsizlik Şurasının iclası qapalı olacaq.
Ukraynadakı hadisələrlə bağlı iclas və məsləhətləşmələr fevralın 28-dən BMT Təhlükəsizlik Şurasında Ukrayna nümayəndəliyinin müraciəti ilə əlaqədar keçirilir. Bu dəfə iclasda hansı məsələlərin müzakirə olunacağı barədə məlumat verilmir. Sonuncu dəfə Təhlükəsizlik Şurası Ukrayna üzrə martın 6-da toplanmışdı.
Onu da bildirək ki, Rusiya ordusu Krımın Bağçasaray şəhərində bir gün öncə qaçırdığı Ukrayna komandirini təslim etmək üçün girdiyi Ukrayna hərbi hissəsini ələ keçirib.
Film ssenarisinə bənzəyən əməliyyat 15 rus əsgəri tərəfindən gerçəkləşdirilib. Sərbəst buraxılan polkovnik-leytenant Vladimir Sadovnikin isə döyüldüyü bildirilir. Rus əsgərlərinə milislər də yardım edib. Vladimir Sadovnik Ukraynanın Bağçasaraydakı hərbi hissəsinin komandiri olub.
Bir gün qabaq qaçırılan polkovnik-leytenant Sadovnik də hissənin qarşısında çıxış edib. Sadovnik çıxışında deyib: "Ruslar məni iki gün qonaq etdilər. Mənimlə yaxşı davrandılar. İndi burada hissəmdəyəm. Hər şey filmlərdəki kimi oldu". "Gözünüzün altındakı qaralar nədir" Sizə işgəncə veriblər?" sualına isə "Xeyr, mən yalnız yıxılmışam",- deyə gülərək cavab verib. Sadovnikin gözünün altının qaraldığı, burnunda və alnında qan və yara izləri olduğu müşahidə edilib.
Bağçasaraydakı hərbi hissənin ələ keçirilməsi ilə Rusiya ordusunun Krımda ələ keçirdiyi Ukrayna hərbi hissələrinin sayı 13-ə çatıb.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili isə Gürcüstanı, Ukraynanı və Moldovanı NATO blokuna üzv olmağa çağırıb. Onun fikrincə, bu halda Ukraynanı indiki situasiyadan daha tez xilas etmək olar: "Ukrayna, Gürcüstan və Moldova tezliklə Avropa İttifaqına üzv olmalı və NATO-ya qoşulmaqla bağlı fəaliyyət planının imzalamalıdır". Onun sözlərinə görə, belə vəziyyətdə Putinin opponentləri fərqi və potensial üstünlükləri görüb özəl reallıqları uğrunda mübarizə aparacaqlar. Bundan əvvəl "Batkivşina" fraksiyasının Ali Radadakı üzvləri Boris Tarasyuk, Valentin Korolyuk və Aleksandr Çernovolenko Ukraynanın NATO-ya inteqrasiyası prosesinin yenidən bərpa olunmasınə nəzərdə tutan qanun layihəsini qeydiyyatdan keçiriblər. Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə deyib ki, onun ölkəsi Şimali Atlantika Alyansına üzvlük perspektivin müzakirə etmir.
Krım isə öz ordusunu formalaşdırır. Muxtar Respublikanın baş naziri Sergey Aksyonov Krım Silahlı Qüvvələrinin baş komandanı təyin edilib. Bu barədə Sergey Aksyonovun özü məlumat verib.
"Krım Ali Şurası məni baş nazir, Silahlı Qüvvələrin baş komandanı təyin edib və mənə ordunu formalaşdırmaq hüququ verilib" - deyə Sergey Aksyonov bildirib.
Onun sözlərinə görə, Krım ordusunun formalaşdırılması haqda qərar muxtar respublikada qanunsuz silahlıların qarşısını almaq üçün verilib: "180-dən çox könüllü and içərək orduya yazılıb. Əgər martın 16-da keçiriləcək referendum nəticəsində Krım Rusiyaya birləşərsə, Ukrayna ordusunun qarşısında iki yol olacaq. O, ya regionu tərk edəcək, ya da bizim orduya daxil olunacaq".
Türkiyə də Krımda referendumu ləğv etməyə çağırır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Nazir bildirib: "Ankara Krımda vəziyyətin siyasi nizamlanması yollarını tapmaqdan ötrü əlindən gələni edir".
Davudoğlu qeyd edib ki, indiyədək Ukraynada siyasi böhranın nizamlanması üçün göstərilən səylər bir nəticə verməyib.
Bir müddət əvvəl Əhməd Davudoğlu Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Ukraynadakı qeyri-sabit siyasi vəziyyət bütün Qara dəniz regionuna təsir edə bilər: "Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir".
Ə.Davudoğlu bildirib ki, Krım tatarlarının təhlükəsizliyi Ankara üçün prioritetlərdən biridir və Türkiyənin öz prioritetlərini müdafiə etməyə tam haqqı var.
Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.
Digər bir son məlumata görə, Ukraynada Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan şəxs saxlanılıb.
Casusluqda ittiham edilən şəxs rusların çoxluq təşkil etdiyi Donbas vilayətinin mərkəzi şəhəri olan Donetskidə tutulub.
Bununla bağlı Ukrayna daxili işlər naziri Arsen Avakov öz "Facebook" səhifəsində yazıb.
A.Avakov bildirib ki, əməliyyatı milislə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə həyata keçirib. İlkin dindirmə zamanı şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyi məlum olub.