“İnternet mediası maliyyə çətinlikləri ilə üzləşir” Hadisə

“İnternet mediası maliyyə çətinlikləri ilə üzləşir”

Əflatun Amaşov: "Bu sahəyə maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır"

Azərbaycan Milli Məclisinin dünən keçirilən iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib. Bu təşəbbüslə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. O qeyd edib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir: "Amma bu gün cəmiyyətimizdə internet –onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır".
Deputat medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb: "Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır. Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır".
Əflatun Amaşov "Diffamasiya haqqında" qanunun qəbulunu da təklif edib.