“İcbari sığortanın tətbiqi hər kəsi düşündürən məsələdir” Hadisə

“İcbari sığortanın tətbiqi hər kəsi düşündürən məsələdir”

Əli Əhmədov: "Prinsip etibarilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir"
"Azərbaycanda dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq"

Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə münasibət bildirib. APA-nın xəbərinə görə, Ə. Əhmədov bunun çox aktual məsələ olduğunu deyib.
O, təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Ə. Əhmədovun sözlərinə görə, bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir.
Bu cür neqativ halların aradan qaldırmağa çalışdıqlarını bildirən hökumət rəsmisi bildirib ki, qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq: "Amma bu, sadə məsələ deyil. Dərmanlar real qiymətindən baha satılmamalıdır. Dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq".
Əli Əhmədov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məsələsinə də aydınlıq gətirib: "Azərbaycanda "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. Bu qanunun bir mühüm maddəsi Azərbaycanda icbari tibbi sığortanın qəbul edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar bu qanun yerinə yetirilməyib. Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, aparılan işlər zamanı çatanda icbari tibbi sığortanın tətbiqini mümkün edəcək".
Onun sözlərinə görə, bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir: "Bunun üçün çoxlu iş görmək lazımdır və asan məsələ deyil. Həm həcminə, həm də kütləviliyinə görə bu bir qədər ciddi məsələdir. Prinsip etibarilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Əhali və həkimlər həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirməsi modellərinin seçilməsinə, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına hazırlanmalıdır. Bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı şəkildə həyata keçirəcəyik".
Baş nazirin müavini Azərbaycanda ana və uşaq ölümü faktlarına da münasibət bildirib. Əli Əhmədov ana və uşaq ölüm ilə bağlı hadisələrdən təəssüfləndiklərini deyib. Bu hadisələrin hər birinin ciddi şəkildə araşdırıldığı və bununla bağlı müvafiq tədbirlərin görüldüyünü deyən Əli Əhmədov əlavə edib ki, əgər kiminsə günahı ucbatından belə hallar baş verirsə, həmin şəxs cəzasını almalıdır: "Bu gün prezident İlham Əliyevin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın, ana-uşaq ölümü kimi hallar baş verməsin və bu cür hallar aradan qaldırılsın. Ümumiyyətlə, Azərbaycan əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın. Bizim məqsədimiz bundan ibarətdir. Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququ var.
Səhiyyənin infrastrukturu yeniləşib, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib. İndiki halda bizim qarşımızda duran əsas məsələ odur ki, səhiyyə xidmətinin keyfiyyəti yüksəlsin, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlsin. Hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın".