Azərbaycan prezidentinin adından Hadisə

Azərbaycan prezidentinin adından

III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Aprelin 28-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.
Ziyafətdə çıxış edən Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edib. O, Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sabiq prezident Bakıya bir neçə dəfə səfərə gəldiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu deyib. Xanım Vayra Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar III Qlobal Bakı Forumunun iştirakçılarının təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlətimizin başçısına hədiyyə edib.
Prezident İlham Əliyev ziyafətdə çıxış edib. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini və Mərkəzin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərildiyini bildirib. Azərbaycan prezidenti dəyişən və qloballaşan dünyada təcrübə və biliyə hər zaman ehtiyac olduğunu vurğulayıb. Məhz bu baxımdan III Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev bu il Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyini xatırladıb. Bildirib ki, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verib. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Dövlətimizin başçısı III Qlobal Bakı Forumunun iştirakçılarını ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.