Fransa səfirindən maraqlı mövqe Siyasət

Fransa səfirindən maraqlı mövqe

"Ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular"
Paskal Mönye: "Hətta Qarabağ məsələsində də bizim ümumi bir siyasətimiz var, o da ərazi bütövlüyü prinsipidir"

"Ukrayna ilə bağlı beynəlxalq duruma baxmayaraq, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etməsi çox vacibdir. Çünki dünyada sülh yaratmaq üçün sabitlik və etimadın olması zəruridir". APA-nın məlumatına görə ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
O bildirib ki, Fransanın Minsk qrupu daxilində məqsədi həmsədr ölkələrin və iki ölkə prezidentinin səylərinə təkan vermək, konkret nəticə əldə etmək üçün prosesi irəliyə aparmaqdır: "Çünki bu regiona sabitlik lazımdır və hesab edirəm ki, gələcəklə bağlı optimist olmalıyıq. Ona görə də danışıqları heç nə əvəz edə bilməz. Mən Azərbaycan və Ermənistan prezidentlərinin liderliyinə inanıram. Əminəm ki, onlar insanların xeyrinə hərəkət edəcəklər".
P. Mönye hesab edir ki, bu yaxınlarda Ukraynada baş verən hadisələr 20 ildən çox Azərbaycan və Ermənistan arasında baş verənlərdən fərqlidir: "O ərəfələrdə sovet hökuməti dağılmışdı, yeni hökumətlər yaranırdı və çox qarışıq bir vəziyyət idi. Lakin iki situasiyaya baxaraq bizim ümumi bir siyasətimiz var, o da ərazi bütövlüyü prinsipidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas məqamıdır və bu prinsip pozulmazdır. Əgər ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular. Buna görə də BMT Baş Assambleyası çərçivəsində Ukraynanı dəstəklədik və biz çox şadıq ki, Azərbaycan da BMT çərçivəsində Ukraynanı dəstəkləyən ölkələr sırasındadır".
Səfir deyib ki, Fransa prezidenti Fransua Ollandın gələn ay Azərbaycana gözlənilən rəsmi səfərinin böyük siyasi əhəmiyyəti var. O, prezident F. Ollandın Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini xatırladıb: "Səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməkdir. Bu münaqişənin həlli hər iki tərəf üçün böyük imkanlar açacaq. İkinci məqsəd isə onu göstərməkdir ki, bu region suveren bir regiondur, hansı ki, öz gələcəyini özü təyin edə bilər. Biz region ölkələri arasında sülhün, dostluğun olmasının tərəfdarıyıq".
Səfir bildirib ki, Fransa prezidenti Fransua Ollandın may ayında Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. O deyib ki, hazırda həmin müqavilələr üzərində iş aparılır.
Səfir Fransanın sənaye, nəqliyyat, informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb, əlavə edib ki, səfər çərçivəsində Fransa-Azərbaycan biznes-forumu keçiriləcək: "Biznes-forumda prezidentlə birlikdə Azərbaycana səfər edəcək bir sıra nazirlər də iştirak edəcək. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq niyyətindəyik. Bununla bağlı Azərbaycanda bir neçə nazirlə müzakirə aparmışıq. Bundan əlavə, kənd təsərrüfatı, nəqliyyat sahəsi üzrə dəyirmi masa təşkil etmək istəyirik. Fransa kənd təsərrüfatı ölkəsidir. Kənd təsərrüfatı bir növ "yaşıl neft" hesab olunur və bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Nəqliyyat sahəsinə gəlincə, bizim metro, dəmiryolu sahəsi üzrə bir sıra layihələrimiz var. Ətraf mühit, su texnologiyaları üzrə də müzakirələrin aparılması planlaşdırılır. Biz istəyirik ki, Azərbaycanda əhali Avropa standartlarına uyğun 24 saat ərzində su ilə təmin olunsun. Bu məqsədə nail olmaq üçün "Azərsu"nu əməkdaşlığa cəlb edəcəyik".
P. Mönye Fransanın enerji sahəsində təcrübəyə malik olduğunu və bu istiqamətdə Bakıda müzakirələrin aparılacağını bildirib: "Bizim bu sahədə təcrübəmiz, bir sözlə, iki ölkə arasında müzakirə olunacaq məsələlər çoxdur. Fransa investorları üçün Azərbaycanda turizm sahəsi də çox maraqlıdır. Biz Azərbaycandan daha çox tələbəni Fransada təhsil almaq üçün cəlb etmək niyyətindəyik".