Aİ nümayəndəsi məcburi köçkünlərlə görüşüb Siyasət

Aİ nümayəndəsi məcburi köçkünlərlə görüşüb

Herbert Salber: "Məcburi köçkünlərin əsas istəyi doğma torpaqlarına qayıtmaqdır"

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Azadinform-a verilən məlumata görə, tədbirdə Baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov iştirak edib.
Görüşdə məcburi köçkünlər problemlərinin həlli, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərdən razılıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda doğma torpaqlarında yaxınlarının qəbirlərini ziyarət edən zaman Ermənistan tərəfindən girov götürülüblər. Onlar bu gün də düşmən əsirliyindədirlər və azad edilmələri üçün beynəlxalq təşkilatlar tərəfindən hələ də ciddi addımlar atılmayıb.
Ağdam rayonundan olan məcburi köçkün avropalı diplomatın diqqətinə çatdırıb ki, işğal olunmuş ərazilərimizdə ata-babalarının məzarları, dini ibadət yerlərimiz, o cümlədən məscidlər yerlə-yeksan edilib. Ancaq bu gün Bakıda erməni kilsəsi qorunub saxlanılır. Bu isə xalqımızın tolerantlıq ənənələrinin göstəricisidir.
Məcburi köçkünlər görüşün keçirildiyi saatlarda da erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin pozulduğunu xüsusi nümayəndənin diqqətinə çatdırıblar.
Herbert Salber qeyd edib ki, Azərbaycana dəfələrlə səfər etsə də, Bakıdan kənarda məcburi köçkünlərlə ilk dəfədir görüşür. O, "Məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmaq, onların problemlərini dərindən öyrənmək mənim üçün böyük əhəmiyyət kəsb edir", -deyə vurğulayıb.
Sonra avropalı qonaq yaşayış məhəlləsindəki tam orta məktəbdə, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Daha sonra Ağdam rayonundan məcburi köçkün Zərifə Camalovanın mənzilinə baş çəkilib.
Məlumat verilib ki, yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Yaşayış məhəlləsi bütün infrastrukturla təmin olunub.
Əli Həsənov ərazidə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların problem və təkliflərini dinləyib, qaldırılan məsələlərin həllinin diqqətdə saxlanılacağını bildirib.
Jurnalistlərlə təəssüratlarını bölüşən Herbert Salber məcburi köçkünlər üçün gözəl şərait yaradıldığını deyib: "Hiss edirəm ki, region böyük narahatlıq doğuran regiondur. Məcburi köçkünlərin şəraitini gözlərimlə gördüm. Səfər nəticəsində ətraflı məlumat əldə etdim. Burada lazımi şərait yaradılıb. Məcburi köçkünləri çox gözəl anlayıram. Onların əsas istəyi doğma torpaqlarına qayıtmaqdır".