“Trampın Milli Təhlükəsizlik Strategiyası dünyada rəsmən soyuq müharibənin elan edilməsidir” Siyasət

“Trampın Milli Təhlükəsizlik Strategiyası dünyada rəsmən soyuq müharibənin elan edilməsidir”

"ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Strategiyası dünyada rəsmən soyuq müharibənin elan edilməsidir. Həmin Milli təhlükəsizlik strategiyasında ABŞ-ın əsas rəqibləri Rusiya və Çin, terrorizmi yayan və dünyaya təhlükə kimi İran və Şimali Koreya göstərilib". Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın gələn ildən başlayaraq Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməsi gözlənilir: "Azərbyacan üçün bu strategiyanın doğurduğu narahatlıq əsasən iki qonşu ölkəmizin ABŞ-la növbəti illərdə siyasi qarşıdurmasında ölkəmizə qarşı hər hansı mənfi nəticələrin olacağıdır. Çünki iki ölkə bu və ya digər baxımdan Azərbaycanla əlaqələrdə heç də isti münasibətlərə malik deyil. Amma Moskva və Tehran işğalçı Ermənistanla sıx siyasi-iqtisadi əlaqlərə malikdir". Politoloq deyib ki, Azərbaycanın avrointeqrasiya və ABŞ-la gələn il nəzərdə tutulan siyasətdə balanslı siyasətini saxlamaqla, bu dövlətlərin siyasi qarşıdurmasından maksimum istifadə etməlidir: "Bu əsasən Qarabağ münaqişəsinin həllində özünü göstərməlidir. Rusiya və İran maksimum status-kvonun saxalnmasında maraqlıdır. Qeyd edim ki, ABŞ-ın yeni sanksiyaları ilə üzləşən Rusiya və İranın regional siyasətində aqressivliyi artacaq. Bu iki ölkənin Azərbaycana qarşı siyasətində isə, rəsmi Bakının ABŞ-la siyasi əlaqlərindən asılı olacaq. Gələn il Azərbaycanla ABŞ arasında siyasi əlaqələrin inkişafı baxımından əhəmiyyətli il ola bilər. Çünki, ABŞ insan hüquqları və demokrtaiya məsələrində Bakı ilə konforontasiyaya getməyəcək. ABŞ əvvəlki siyasətinə uyğun olaraq terrorizm və enerji sahəsində Azərbaycanla əməkdaşlığa üstünlük verəcək. Qeyd edim ki, Rusiya və İrana qarşı sərt xətt siyasəti, ABŞ-ın Azərbaycana marağını artıra və Qarabağ münaqişəsində Azərbaycana dəstək verə bilər.
Hazırda ABŞ Cənubi Qafqzada Gürcüstanla siyasi-hərbi əməkdaşlığı inkişaf etdirir. Ermənistan Rusiyanın orbitində olduğu üçün ABŞ-ın bu ölkə ilə sıx əməkdaşlığı mümkün görünmür".