“Azərbaycan tərəfi Rusiyanın belə mövqeyindən çox narazıdır” Siyasət

“Azərbaycan tərəfi Rusiyanın belə mövqeyindən çox narazıdır”

Aydın Mirzəzadə: "Rusiyanın hər addımı diqqətlə izlənilir"

Elman Məmmədov: "Bunu Azərbaycanın ərazi bütövlüyünə Rusiya tərəfindən olan hörmətsizlik kimi dəyərləndirirəm"

Bir müddət əvvəl Abxaziyanın "prezidenti" Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Azərbaycanın Xarici İşlər Nazirliyi bu görüşün regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirsə də, buna cavab olaraq da Rusiya XİN-nin məlumatında qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb".
Deputat Aydın Mirzəzadə deyib ki, Rusiya ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir: "Azərbaycanla strateji müttəfiqliyə malik olan Rusiyanın işğal edilmiş ərazinin nümayəndəsi ilə ünsiyyəti yolverilməzdir". Deputatın sözlərinə görə, Rusiyanın hər addımı diqqətlə izlənilir: "Əgər qonşu ölkənin nümayəndəsi ilə separatçı qurum arasında görüş olubsa da belə Rusiyanın xarici işlər nazirinin sözçüsü məsələ ilə bağlı kobud və diplomatiyaya uyğun cavab verməməli idi".
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan tərəfi Rusiyanın belə mövqeyindən çox narazıdır: "Rusiyanın istənilən şəxsi bilməlidir ki, onun istənilən görüşü, açıqlaması şəxsi adı deyil, ümumilikdə Rusiya dövlətinin adını daşıyır. Düzdür, Rusiya işğal edilmiş zonadakı rejimi tanımır və ölkəmizin ərazi bütövlüyünü təsdiqləyir. Ancaq bununla belə Rusiyanın XİN nümayəndəsinin işğal edilmiş zonanın nümayəndəsi ilə söhbəti, digərinin isə Azərbaycana istehza ilə cavab verməsi iki dost ölkə arasında yol verməz məsələdir. İnanıram ki, Azərbaycan tərəfi diplomatik kanallarla bu məsələlərə aydınlıq gətirməyə çalışacaq".
Millət vəkili Elman Məmmədov bildirib ki, keçmiş post-sovet məkanında müvəqqəti mövcud olan qeyri-qanuni cinayətkar, separatçı qurumların (Dağlıq Qarabağda olan, Gürcüstan, Ukrayna ərazisində olan və s.) hamısının yaranmasının səbəbkarı birbaşa Rusiya Federasiyasıdır: "Yəni bunlar Rusiyanın məqsədli şəkildə yaratdığı qurumlardır. Bu dövlətlərə təzyiq göstərmək, bu dövlətləri özünə tabe etmək üçün, eləcə də bu dövlətləri özünün istədiyi qaydada idarə etməyə çalışması üçündür". Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 1988-ci ildən başlayaraq tədricən hissə-hissə işğal olunması, sonra isə orada qondarma "Dağlıq Qarabağ Respublikası" adlanan qurumun yaradılması, Gürcüstanda - Osetiyada, Abxaziyada olan qurumlar, Ukrayna ərazisində Uqandskidə, Doneskidə olan qurumlar, Moldova ərazisində Dnestryanı qurum və s. hamısı heç kimə sirr deyil: "Mən diplomatiyadan kənar, səmimi bir vətəndaş kimi öz fikrimi, həqiqəti söyləyirəm. Bu gün də Rusiyanın onlarla görüşməsi təbii ki, Azərbaycanla olan münasibətlərə soyuqluq gətirir, əməkdaşlığımıza, tərəfdaşlığımıza, müəyyən əlaqələrimizə zərər vurur. Mən bunu Azərbaycanın ərazi bütövlüyünə Rusiya tərəfindən olan hörmətsizlik kimi dəyərləndirirəm. Çünki rəsmi Moskva hər dəfə bəyan edir ki, biz Azərbaycanla qonşu dövlətik, əməkdaşıq, tərəfdaşıq, bütün münasibətlərimiz yüksək səviyyədə inkişaf edib, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və ona hörmətlə yanaşırıq. Ancaq bu sözlərdən sonra bu birinci dəfə deyil. Dəfələrlə Rusiya bu dediklərinin əksinə hərəkətlər edir. Məsələn, işğalçı dövləti dəfələrlə milyard dollarlıq silah-sursatla təmin edir, onun hava məkanını, sərhədlərini qoruyur, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış cinayətkar, separatçı quruma müxtəlif yollarla dəstək göstərir və s. Bu Rusiyaya qonşu dövlət kimi hörmət gətirmir".

Əli