Səfirimizdən Aİ-nin bəyanatlarına sərt reaksiya Siyasət

Səfirimizdən Aİ-nin bəyanatlarına sərt reaksiya

"Azərbaycanla bağlı qapılar arxasında bir cür açıqda isə başqa cür davranılır"

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropanın nüfuzlu "EU Reporter" qəzetinə müsahibəsində Azərbaycan ilə Aİ arasında bir sıra vacib məqamlara toxunub.
Azərbaycanın Belçika Krallığındakı səfirliyindən verilən məlumata görə, müsahibəsində Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindən bəhs edən səfir Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda Aİ tərəfindən vətənə xəyanətdə günahlandırılan şəxslərə dəstək ifadə edən bəyanatların verilməsinin qəbuledilməz olduğunu qeyd edib. F.İsgəndərov bunu yanlış zamanda atılmış səhv addım kimi qiymətləndirib.
O, tərəflər arasında mövcud olan dialoqda hər zaman mənfi cəhətlər axtaran Aİ-nin ikili yanaşmasını tənqid edərək deyib ki, son il ərzində əməkdaşlığımızda baş vermiş müsbət irəliləyişlərin və qarşılıqlı faydalı inkişaf, məsələn 4 mühüm sazişin imzalanması və 45 milyard avroluq enerji layihələrinin razılaşdırılması kimi məqamlar Aİ-nin Xarici Fəaliyyət Xidməti və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarlığının mətbuat katibləri tərəfindən bir dəfə də olsun dəyərləndirilməyib. Lakin, Avropa Komissiyasının prezidenti Barrozonun Bakıya səfəri zamanı ölkəmizlə əhəmiyyətli dialoqun qorunub saxlanılması və onun strateji məqsədlərinin yerinə yetirilməsinə yardımçı olmağa hazır olduqları bəyan edilir.
Bu vəziyyəti coğrafi və bürokratik paradoks adlandıran səfir vurğulayıb ki, Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir, hətta digər Şərq Tərəfdaşlığı ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir, açıqda isə başqa cür davranılır. E.İsgəndərov bunu münasibətlərdə mövcud olan digər bir fenomen kimi dəyərləndirib.
Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına hər zaman lazımi diqqəti göstərdiyini vurğulayan səfir əlavə edib ki, əgər ölkədə demokratik standartlara nail olmaq istəməsəydik, o zaman niyə Avropa Şurasına qoşulurduq?
Azərbaycanın dövlətçilik və cəmiyyətin inkişafı ilə bağlı tənqidin faydalarından yaxşı xəbərdar olduğunu söyləyən dövlət rəsmisi Leyla Yunusova ilə bağlı verilmiş Aİ bəyanatının bu sağlam trendlə heç bir əlaqəsinin olmadığını qeyd edir. Səfir vətənə xəyanətdə günahlandırılan bu şəxsin hamı kimi qanun qarşısında cavab verməli olduğu vurğulayıb.
F.İsgəndərov həmçinin, son zamanlar "vətəndaş cəmiyyətindən" Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla gənc ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə qarşı alət kimi istifadə olunması tendensiyasının müşahidə olunduğunu söyləyib.
Müsahibənin sonunda Azərbaycan-Aİ münasibətlərinin gələcək perspektivləri ilə bağlı sualı cavablandıran səfir Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq qurmağa hazır olduğunu qeyd edərək, bunun sadəcə Azərbaycanın istəyi olmadığını, ilk növbədə Avropanın ölkəmizin bölgədəki mühüm tarixi və coğrafi rolunu diqqətə alaraq belə bir tərəfdaşlıqda maraqlı olduğunu bildirib.
Azərbaycanın tərəflər arasında bərabərlik, hörmət və etibara əsaslanan əsl bağlar qurmaqda maraqlı olduğu vurğulanır. Ölkəmizin ən yaxşı Avropa təcrübəsini dəyərləndirdiyini söyləyən F.İsgəndərov bunun heç də "dərs almaq" anlamına gəlmədiyini vurğulayıb.