PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri vəzifəsinə təyinat olub Siyasət

PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri vəzifəsinə təyinat olub

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 saylı orta məktəbini bitirib.
1994-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.
2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin Hüquq fakültəsinin magistraturasını bitirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib. 2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb. 2014 – cü ildə indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri təyin edilib.
Gündüz Kərimov bu təyinata qədər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi olub.