Gəncədə üçtərəfili görüş Siyasət

Gəncədə üçtərəfili görüş

XİH rəhbərləri birgə bəyannamə qəbul ediblər
"Həll olunmamış münaqişələr Cənubi Qafqazda siyasi-iqtisadi sabitliyə zərbə vurur"

Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib.
Gəncə görüşünün yekunları əsasında birgə Bəyannamə qəbul olunub. Hazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bəyannamədə deyilir ki, mövcud həll olunmamış münaqişələr günahsız insanların ölümünə, etnik təmizliyə, yüz minlərlə qaçqın və məcburi köçkünün yaranmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur, mədəni irsin və şəxsi mülkiyyətin dağıdılmasına gətirib çıxarır, Cənubi Qafqazda siyasi-iqtisadi sabitliyə zərbə vurur.
Nazirlər Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri və qərarları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll olunmasına dəstək ifadə ediblər. Onlar Bakı-Tiflis-Ərzurum, "Şəhdəniz 2" layihələri və Bakı-Tiflis-Qars nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Sənəddə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin növbəti üçtərəfli görüşünə hazırlıqlara başlanacağı bildirilir.
Xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirilib. Mətbuat konfransını açıq elan edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr, enerji və infrastruktur layihələri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun inşası məsələsi müzakirə olunub.
Bildirilib ki, bu tip görüşlər 2012-ci ildən keçirilir və növbəti görüş bu ilin sonunda Qarsda keçiriləcək. Bundan başqa, üç ölkənin prezidentlərinin də bu formatda görüşməsi üçün işlər aparılır.
Elmar Məmmədyarov Ukraynadakı hadisələrə də toxunaraq bildirib ki, Azərbaycan vətəndaşları Ukraynada münaqişə yerlərindən uzaq olmalıdırlar: "Ukrayna ilə Azərbaycanın əməkdaşlığı strateji xarakter daşıyır. Azərbaycan tez bir zamanda Ukraynada sabitliyin bərqərar olmasını istəyir. Bu, həm Ukrayna, həm də bütün region üçün yaxşı olar. Xarici İşlər Nazirliyi artıq bu barədə açıqlama verib, Azərbaycan vətəndaşları Ukraynada həm yaşayarkən, həm də turist səfərləri və biznes fəaliyyəti ilə əlaqədar ora gedərkən qarşıdurma baş verən yerlərdən uzaq durmalıdır".
E. Məmmədyarovun sözlərinə görə, Azərbaycan tərəfi Ukraynada iqtidar, müxalifət və bütün digər qüvvələrin birləşməsini istəyir. Nazir hazırda Ukraynada baş verənlərin çox xoşagəlməz olduğunu söyləyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması, sərhədləri aşmağa hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib. O bu xəbərlərin doğru olmadığını deyib: "Türkiyənin mövqeyi bəllidir və bu mövqedə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq".
Əhməd Davudoğlu Suriyaya döyüşə gedən Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən keçmələri barədə iddialara da münasibət bildirib: "Türkiyə ilə Azərbaycan arasında viza rejimi olmadığı üçün kimin hara getdiyini müəyyənləşdirmək olmur. Biz hər bir azərbaycanlını saxlayıb, hara getdiyini soruşa bilmərik. Azərbaycan tərəfi konkret faktlar təqdim edərsə, araşdırıb tədbir görə bilərik".