Elman Nəsirov: Ermənistanla hərbi-texniki əməkdaşlıq Serbiyanın özünün milli maraqlarına ziddir Siyasət

Elman Nəsirov: Ermənistanla hərbi-texniki əməkdaşlıq Serbiyanın özünün milli maraqlarına ziddir

Serbiya Respublikası ilə işğalçı Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlıq nəticə etibarı ilə işğalçının daha da şirnikləndirilməsinə xidmət edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, beynəlxalq birliyin üzvü olan Serbiya dövləti fərqində olmalıdır ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan torpaqlarının 20 faizini işğal edib:
“Serbiya dövləti də beynəlxalq birliyin digər subyektləri kimi Azərbaycan dövlətini tanıyır. Belə olan halda işğalçı dövlətlə hərbi-texniki sahədə əməkdaşlıq nəticə etibarı ilə işğal rejiminin daha da uzadılmasına, Azərbaycan torpaqlarının bundan sonra da işğal altında qalması üçün münbit şəraitin təmin edilməsinə xidmət edir. Belə olan halda suallar yaranır ki, Serbiya dövləti niyə heç bir iqtisadi imkanları olmayan bir dövlətlə əməkdaşlığın inkişafında maraqlıdır?
Axı bir çox dövlət bilir ki, Azərbaycan Avropa üçün alternativ enerji mənbəyidir və Cənub Qaz Dəhlizinin reallaşması ilə bu, həm də Serbiyanın Balkan ölkəsi olaraq enerji təhlükəsizliyinin təminatı üçün olduqca mühüm bir hadisə olacaq. Bütün bu reallıqları gördükdən sonra təbii ki, çoxsaylı suallar yaranır ki, rəsmi Belqrad niyə bu addımı atıb. Hesab edirəm ki, bu məsələdə yenə də erməni lobbisi və diasporasının oynadığı rol rəsmi Belqradın mövqeyinə təsir edib. Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyəsi, iki dövlət arasında iqtisadi əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi sahəsində bugünkü reallıqları və perspektivləri nəzərə aldıqda bu addım ilk növbədə elə Serbiya dövlətinin özünün milli maraqlarına zidd bir addımdır.
Hesab edirik ki, Serbiya ilə işğalçı Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlıq regionda sülh və təhlükəsizlik üçün təhdid yaradır. Biz bu addımı pisləyir və düşünürük ki, bu, ilk növbədə Serbiyanın özünün milli maraqlarının əleyhinə olan bir addımdır”.