Müsavat rəsmən parçalandı... Siyasət

Müsavat rəsmən parçalandı...

Səxavət Əlisoy: "Bu hərəkatın qapıları populizmdən uzaq gənclərin, ziyalıların, istefa verən partiya üzvlərinin, partiyadan uzaqlaşdırılan şəxslərin, istefa barədə düşünənlərin üzünə açıq olacaq"

Rövşən Qəmbər: "Onların hər ideyalarına dəstək olacağam, özü də necə lazımdırsa"

Vurğun Əyyub: "Yeni hərəkat başqan seçkisindən sonra baş verən narazılıqlarla bağlılığını inkar etmir"

Qubad İbadoğlu və tərəfdarları "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatını təsis edib. Hərəkatın bəyannaməsini yayımlanıb. "Azərbaycan Demokratiya və Rifah" hərəkatının lideri Qubad İbadoğludur. ADR Hərəkatının təsisçiləri Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov və Əlövsət Talışxanlıdır.
Siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanları yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacaq.
"Azərbaycan Demokratiya və Rifah" hərəkatının yaradılması barədə bəyannaməsində qeyd olunur ki, hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir...
Başqanlığa sabiq namizəd Səxavət Əlisoy bildirib ki, təkbaşına hərəkat yaradılmır: "Bu hərəkatın qapıları populizmdən uzaq gənclərin, ziyalıların, istefa verən partiya üzvlərinin, partiyadan uzaqlaşdırılan şəxslərin, istefa barədə düşünənlərin üzünə açıq olacaq". Səxavət Əlisoyun sözlərinə görə "Azərbaycan Demokratiya və Rifah hərəkatı"nın Müsavat Partiyasından ayrılmaqla bağlı bir düşüncəsi yoxdur: "Gələcəkdə bu hərəkatla bağlı nələr olacağını isə bəyənat qəbul edildikdən sonra tam aydınlıqla söyləyə bilərik. Yalnız bundan sonra atacağımız addımlar, "Azərbaycan Demokratiya və Rifah hərəkatı"nın gələcək inkişaf perspektivləri, həmçinin görəcəyimiz işlər barədə qərarlar qəbul olunacaq".
", deyən İsa Qəmbərin qardaşı Rövşən Qəmbər "Qubad bəyin yaratdığı hərəkata bütün gücümlə dəstək olacağam", - deyib. Vurğun Əyyub isə bildirib ki, hərəkata təkcə müsavatçılar yox, müxtəlif siyasi partiya üzvləri, hətta bitərəflər də qoşula bilər. Onun dediyinə görə, hərəkat Müsavat Partiyasından "haqsız yerə çıxarılan müsavatçıları" da bir araya gətirəcək.
"Azərbaycanda son illərdə REAL Hərəkatı təcrübəsi var. Hərəkat kimi yaranıb sonradan özlərini siyasi partiya elan etdilər. ADR-in də belə bir məqsədi varmı" sualının cavabında Vurğun Əyyub bildirib ki, indidən proqnoz vermək mümkün deyil: "Ölkədə gedən proseslər, siyasi qüvvələr arasında olan münasibətlər, partiya daxilində demokratik idarəetmə kimi amillər var. Bunları nəzərə almadan gələcək üçün proqnoz vermək çətindir".
Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Tural Abbaslı yeni "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının yaradılmasına münasibət bildirərkən "əvvəlcədən bəyan etmişdik ki, hərəkat yaradılacaqsa, nə bu məsələlərin müzakirəsində iştirak edəcəyik, nə də təşkilatda təmsil olunacağıq",- deyə bildirib. Tural Abbaslı deyib ki, fəaliyyətlərini yalnız Müsavat daxilində görürlər. Qeyd edək ki, T.Abbaslı da Q.İbadoğlu kimi Müsavatın hazırki rəhbərliyinin addımlarından narazıdır və birgə fraksiya yaradılacağını elan etmişdi. Bunun üçün hər iki şəxsin tərəfdarlarından ibarət işçi qrup formalaşıb və orada sonrakı addımlar barədə mütəmadi müzakirələr gedirdi. T.Abbaslının sözlərinə görə, işçi qrupdakı müzakirələr zamanı hərəkatın yaradılacağı təqdirdə orada iştirak etməyəcəklərini bildiriblər: "Ona görə də bizi hərəkata salmayıblar. Fəaliyyətimizi ancaq partiya daxilində görürük. Kənarda hər hansı fəaliyyət göstərmək niyyətimiz yoxdur. Biz hesab edirik ki, Müsavatı böhran vəziyyətindən qurtarmaq və demokratiyanın bərqərar olması üçün fraksiya yaradılmalıdır. İşçi qrupdakı müzakirələrdə Qubad bəyin tərəfdarları deyirdilər ki, məqsədimiz təkcə fraksiya deyil, həm də ictimai hərəkatdır. Onlar söyləyirdilər ki, həm partiyadan çıxan insanlar, həm də hər hansı partiyada təmsil olunmayan, amma proseslərdə iştirak etmək istəyənləri özündə ehtiva edə bilən bir hərəkat yaratmaq niyyətindəyik. Biz isə dedik ki, bu, sizin hüququnuzdur, amma biz bu məsələdə maraqlı deyilik. Onların özü də fraksiyadan imtina etmirlər, paralel fəaliyyətin tərəfdarlarıdır. Həm partiya daxilində fraksiyada təmsil olunmaq istəyirlər, həm də ictimai hərəkatda fəaliyyət göstərirlər. Qubad bəylə bu barədə söhbətimiz olub, deyib ki, biri digərinə mane olmayacaq. Demək olmaz ki, onlar hərəkat yaratdılarsa, fraksiyadan imtina etdilər". T.Abbaslının sözlərinə görə, işçi qrupun növbəti toplantısında fraksiya strukturları müzakirə olunacaq və konkret sənəd üzrə fraksiyanın yaradılması üzrə diskussiya aparılacaq: "Görsək ki, işçi qrupda əsas enerji hərəkata yönəlir və və fraksiya ikinci plana keçir, o zaman öz tərəfdarlarımızla, gənclərlə birlikdə müstəqil addım atacağıq.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, Müsavat Partiyasından kənar hərəkat yaradılması partiyanın Nizamnaməsinə zidd deyil. Bunu istənilən müsavatçı edə bilər. G.Aslanlı qeyd edib ki, yaradılacaq hərəkat Müsavat Partiyasının strukturlarına paralellik təşkil etmir: "Hərəkatın necə fəaliyyət göstərəcəyi bəlli deyil. Həmin hərəkatda da Müsavat ideologiyalası təbliğ oluna bilər. Bu da normal haldır".
Müsavat başqanının müavini Səxavət Soltanlı deyib ki, hərəkatı istənilən şəxs yarada bilər. Problem yoxdur. Lakin bunun partiyaya aidiyyatı yoxdur. O, Müsavat Partiyasının üzvü Qubad İbadoğlunun yaratdığı "Azərbaycan Demokratiya və Rifah" hərəkatı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, bu başqa bir partiyanın yaranması demək deyil: "Müsavat partiyasının üzvü heç bir başqa siyasi partiyanın üzvü ola bilməz. Bu sadəcə hərəkatdır. İctimai fəaliyyətlə məşğul olacaqlar. Yeni yaranan hərəkatın daxilində müsavatçı olmayan insanlar da var. Əslində bizə məlum deyil ki, onların fəaliyyəti nə ilə bağlı olacaq. Mənə qaranlıq qalan məqam isə bir həftə əvvəl iki nəfərin başqa bir təşkilat yaratmalarıdır. İndi bu hərəkatın yaradılması mənə qeyri-ciddi gəldi".
Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı "belə düşünürəm ki, "Azərbaycan Demokratiya və Rifah" Hərəkatının yaradılması ancaq tapşırıq ola bilər. Yoxsa, buna nə ehtiyac vardı?..",- deyə bildirib. N. Sadıqlı diqqətə çatdırıb ki, Müsavat Partiyasının Nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur: "Bu hərəkatın yaradılması da təbii ki, Nizamnamənin əleyhinədir. Partiyanın içindən çıxan şəxslərin yaratdığı qurumların axırını zaman-zaman görmüşük. Məni maraqlandıran odur ki, onlar bu qurumun yaranmasına nə ehtiyac görürlər? Nə ilə bağlıdır bu qurum? Onlar sözlərini Müsavatda açıq-aşkar deyə bilirlər. Nə problemləri varsa da, həll olunur. Buna görə də bu qurumun yaradılmasının əleyhinəyəm".

Əli