“...Ermənistana ağır zərbə olacaq” Dünya

“...Ermənistana ağır zərbə olacaq”

"LaDiplomatie" portalı: Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Azərbaycanın xeyrinə atılan həlledici addımdır
Fransanın "LaDiplomatie" portalında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çıraqov və digərlərinin Ermənistana qarşı" işi üzrə qərarı ilə bağlı məqalə yayılıb. Məqalənin müəllifi Loran Banin Məhkəmənin qərarını şərh edərək yazır ki, AİHM beynəlxalq hüququn müvafiq normalarını əldə rəhbər tutaraq şəxsi əmlak əlçatmaz olduğu halda dövlətin əlavə tədbirlər görmək vəzifəsinin olduğunu xatırladır. Bu qərarla Məhkəmə məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və onların öz əmlakına yiyələnməsi hüququnu tanıyır. Münaqişə başlayandan bəri ilk dəfə olaraq Məhkəmə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini və Dağlıq Qarabağın bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olduğunu qeyd edir. AİHM öz qərarını beynəlxalq hüququn müəyyən edilmiş qaydaları ilə əsaslandırır və Ermənistanın Dağlıq Qarabağa nəzarətini işğal faktı kimi dəyərləndirir. Qərarın icrası məcburi köçkünlərin öz evlərinə qayıtmasını və Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesində Ermənistanın irəli sürdüyü bir çox şərtlər AİHM-in bu qərarı ilə de-fakto ləğv olunur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan danışıqlarda Məhkəmənin qərarı Azərbaycanın xeyrinə atılan həlledici addımdır. Məqalədə qeyd edilir ki, Strasburqun yüksək instansiyalı məhkəməsi işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını bildirir. Yəni, Ermənistan Dağlıq Qarabağ və onun ətrafında yerləşən, ermənilərin heç vaxt yaşamadıqları 7 inzibati rayonda pozulan insan hüquqlarını bərpa etməlidir. Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilən təcavüzkar Ermənistana ağır zərbə olacaq. AİHM-in bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli və mövcud status-kvonun ləğv edilməsi baxımından böyük əhəmiyyət daşıyır.