Rusiya separatçılara silah-sursat göndərir Dünya

Rusiya separatçılara silah-sursat göndərir

Xarkovda terrorçular hərbçilərin kolonuna hücum ediblər, Luqanskda isə Ukrayna Milli Qvardiyasının 20 əsgəri girov götürülüb

Mayın 30-na keçən gecə Ukrayna-Rusiya sərhədindəki Staniçno-Luqanskoye sərhəd xidməti 300-ə yaxın terrorçunun hücumuna məruz qalıb. APA-nın "korrespondent.net" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, mayın 29-da gün ərzində sərhəd məntəqəsinin ətrafında silahlı insanların cəmləşməsi müşahidə edilib: "Məntəqədən bir neçə yüz metr aralıda onlar blok-postlar və atəş nöqtələri qurublar. Gecə saat 00.30-dan 02.30-a qədər sərhəd dəstəsi terrorçuların hücumuna məruz qalıb. Onlar atıcı silahlar və qumbaraatanlardan atəşə başlayıblar. Sərhədçilər cavab atəşi açıb. Ümumilikdə altı hücum cəhdi olub. Sərhədçilərdən biri yaralanıb. Silahlıların olduğu yerə 4 təcili yardım maşınının gəldiyi qeydə alınıb".
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyadan ölkə ərazisində daxil olan 3 avtomobilin saxlanıldığını da açıqlayıb: "Əvvəlcə "Mercedes-Vito" markalı avtomobil saxlanılıb. O, Rusiyadan gələcək avtomobilləri qarşılamalı və müşayiət etməli imiş. Bir müddət sonra qonşu dövlətin ərazisindən hərəkət edən iki "Qazel" saxlanılıb. Avtomobillərdə 28 ədəd AK avtomatı, 6 ədəd pulemyot, 2 ədəd "Muxa" tipli qumbaraatan, 4 ədəd snayper tüfəngi, 40 yeşik qumbara və sursat aşkarlanaraq götürülüb".
Xarkov vilayətində isə separatçılar hərbçilərin kolonuna hücum ediblər, nəticədə 1 əsgər həlak olub, 3 nəfər yaralanıb. "UNİAN"ın xəbərinə görə, bu barədə "İnformasiya müqaviməti" qrupunun əlaqələndiricisi Dmitri Tımçuk bildirib.
"Xarkov vilayətində İzyum yaşayış məntəqəsinin yaxınlığında terrorçular hərbçilərə məxsus avtomobil karvanını qumbaraatanlardan atəşə tutublar. Nəticədə 1 əsgər həlak olub, 3-ü yaralanıb", deyə məlumatda bildirilir.
Separatçı "Luqansk Xalq Respublikası"nın nümayəndələri isə keçirdikləri əməliyyat nəticəsində Ukrayna Milli Qvardiyasının 20 əsgərini əsir götürdüklərini elan ediblər. "Bu gün hərbi hissənin yerləşdiyi Aleksandrovskda əməliyyat keçirilib. Əməliyyat nəticəsində qeyd olunan hərbi hissə bizim nəzarətimizə götürülüb", deyə "LXR" nümayəndəsi bildirib.
Məlumata görə, əməliyyat nəticəsində 1 separatçı yaralanıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.
Bundan əvvəl Aleksandrovsk şəhərində yerləşən hərbi hissədə silah anbarının separatçılar tərəfindən partladılması barədə məlumat yayılmışdı.