Rusiya ABŞ-ın kəşfiyyat uçuşlarını məhdudlaşdıracaq Dünya

Rusiya ABŞ-ın kəşfiyyat uçuşlarını məhdudlaşdıracaq

Rusiya yanvarın 1-dən Açıq Səmalar Sazişi çərçivəsində Rusiya üzərində ABŞ hərbi kəşfiyyat uçuşlarını məhdudlaşdıracaq. Bu, Birləşmiş Ştatların Rusiya uçuşlarını məhdudlaşdırmasına cavab olaraq gerçəkləşdiriləcək. Məlumatı Rusiya xəbər agentlikləri yayıb. Yeni məhdudiyyətlər ABŞ hava heyətinin Rusiyada müəyyən hava bazalarından istifadəsini əngəlləməklə həyata keçiriləcək. Rusiyanın "RIA Novosti" dövlət xəbər agentliyi Xarici İşlər Nazirliyinin rəsmisi Georqiy Borisenkoya istinadla yazıb.
Rusiya "ABŞ uçuşlarına münasibətdə üç hava bazasında gecə qalmağı ləğv edəcək". Bunu isə dekabrın 28-də "Interfax" agentliyi Rusiya XİN-in sözçüsü Maria Zaxarovaya istinadla yazıb. Açıq Səmalar Sazişi 1992-ci ildə imzalanıb, silahlara nəzarətlə bağlı sazişlərdən biridir. Məqsəd iki nüvə supergücü arasında inam və şəffaflığı artırmaqdır. İyunda Birləşmiş Ştatlar Rusiyanı bu sazişi pozmaqda, Şərqi Avropadakı Kalininqrad anklavı üzərində ABŞ uçuşlarını məhdudlaşdırmaqda suçlayıb. Vaşinqton bildirmişdi ki, yanvarın 1-dən ABŞ üzərində Rusiya uçuşları məhdudlaşacaq.
Kalininqrad Rusiyanın ən çox hərbləşmiş regionlarından biridir. NATO üzvləri olan Polşa və Litva arasında yerləşən Kalininqrad potensial qaynar nöqtə sayılır. Həm NATO, həm də Rusiya sərhəd regionda müdafiəni gücləndirməkdədir. ABŞ mediası yanvarın 1-dən Rusiyanın Alyaska və Havay üzərində missiyalarını məhdudlaşdıracağını yazırdı. Bu arada tərəflər bir-birini 1987-ci il Ortamənzilli Nüvə Silahları müqaviləsini pozmaqda da ittiham edib. "Interfax" Zaxarovaya istinadla yazıb ki, Rusiya üzərində uçuşların məhdudlaşdırılması ABŞ tərəfiylə bəzi ikitərəfli razılaşmalar tələb edib, ABŞ-ın ATƏT-dəki missiyası da bilgiləndirilib.
"ABŞ-ın hərəkətləri Açıq Səmalar Sazişini pozur. Birləşmiş Ştatlardan olan həmkarlarımızı durmağa, qarşılıqlı qəbuledilən həll yollarından ötrü qeyri-siyasi axtarışa başlamağa çağırırıq", – Zaxarova deyib. ABŞ rəsmilərinin sözlərinə görə, Rusiya Açıq Səmalar Sazişi çərçivəsində öhdəliklərinə əməl etməyə başlarsa, Birləşmiş Ştatlar məhdudiyyətlərə yenidən baxa bilər.