Ermənistan mediası Rusiya liderini “sancmağa” girişib Dünya

Ermənistan mediası Rusiya liderini “sancmağa” girişib

Oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyi Ali Şurasına daxil olan dövlətlərin başçılarının iştirakı ilə toplantı planlaşdırılıb. Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan AİB-in üzvüdür. Sonuncuda “məxməri” hakimiyyət dəyişikliyindən sonra o, həmişəki kimi AİB, KTMT-yə qarşı daim iddialar irəli sürür, onun üçün ən böyük qıcıqlandırıcı isə Rusiyadır. Ermənistanın bəzi KİV-ləri bu iki bloku da, RF-ni də bir qayda olaraq yamanlamağa, həm də Rusiya liderini “sancmağa” girişib. Ermənistan bununla yanaşı yenə də nə KTMT, nə də AİB-i tərk etmək, habelə Moskvadan asılı münasibətlərdən can qurtarmaq riskinə gedir. Sadə bir səbəbə görə – əlverişsizdir.
Strateq rosbalt.ru-ya istinadən yazır ki, bu “əlverişsizlik” xeyli yönləri özünə sığışdırır, bundan aşağıda danışılacaq. Burada isə qeyd edək ki, AİB sammiti ərəfəsində Ermənistan cəmiyyətinin önəmli bölümündə fal açmağa başlayıblar ki, Putin öz iştirakı ilə Ermənistanı bəxtiyar edəcəkmi, yoxsa sammiti Moskvaya keçirəcək? Və ikincisi – İrəvan AİB-in çoxları tərəfindən Ermənistanı suverenlikdən və iqtisadi azadlıqlardan məhrum edən “rüsvayçılıq” adlandırılan “köləlikdən” çıxacaqmı?
Əslində, Putin İrəvan sammitinə nədən getməsin? Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın ümid etdiyi kimi, İran prezidenti Həsən Ruhanini buna cəlb etmək olar.
Bəlli olub ki, səbəb son dərəcə önəmlidir. “Past” nəşrinin məlumatına görə, RF prezidentinin təhlükəsizliyinə sorumlu xidmətlər Putinin keçmiş prezident Robert Koçaryanın saxlandığı “cinayət-icraat müəssisəsi”nə baş çəkməyi üçün tam təhlükəsizliyi təmin etməyi Ermənistan tərəfindən tələb edib, amma rədd cavabı alıblar.
“Past”da olan məlumatlara görə, bu məsələni həll etmək üçün Ermənistan tərəfinə sentyabrın 10-adək vaxt veriblər, əks halda Putin İrəvana getməyəcək.
“Кавказский узел” məlumat verir: “Qaynaqlar penitensiar sistemə baş çəkmək istəyinin səbəblərini dəqiqləşdirməsə də, Putinin Koçaryana “ürəyiyuxa münasibəti”, Ermənistanın keçmiş prezidentini doğum günü münasibətilə təbrikləri və s. nəzərə alınsa, güman etmək olar ki, Vladimir Putin Robert Koçaryan üçün darıxıb və onu görmək istəyir… Pivə içməyə, ya nədir?”
News.am və başqa resurslar sual edir ki, Putin bu halda sammiti Moskvaya keçirərmi? Ağ saray (Kreml-tərc.) qaldırılan səs-küyü hələlik heç cür şərh etmir, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə jurnalistlərə inamla bildirib ki, Putin İrəvana gəlir. Bundan başqa, AİB-ə daxil olan başqa dövlətlərin başçıları kimi. Ruhaninin dəvət edilməsi haqda yuxarıda danışılıb – sammitdə onun iştirakı xüsusi məna daşıyır. İrəvanda Sinqapurun baş naziri Li Syan Lunu da gözləyirlər – bu ölkə ilə azad ticarət zonası qurmaq haqda sazişin imzalanacağı gözlənilir.
Ermənilər, yeri gəlmişkən, onlar üçün ABŞ tərəfdən “qəzəb salxımı”na çevrilə biləcək, İrəvanın isə bu ölkədən böyük və ən müxtəlif yardımlar gözlədiyi gurultulu coğrafi-iqtisadi effekt kontekstində Ruhaninin səfərinə özəl ümidlər bəsləyirlər. Düzdür, gözləmə rejimi bir qədər uzun çəkdi.
Ermənistanın əlində İranla geopolitik oyunlara girməyə imkan verən hansı “kartlar” var? İrəvanda AİB arealında yeganə quru sərhədi kimi İslam Respublikası ilə ümumi sərhədi “kozır” adlandırırlar. Doğrudan da, bu, tədarük marşrutlarından asılı olmayaraq İran yüklərinin Ermənistan üzərindən Avrasiya Birliyi dövlətlərinə tranziti üçün yaxşı xidmət göstərə bilər.
Bundan savayı, Paşinyanın İran KİV-ləri ilə söhbətindən də duyulduğu kimi, o, ikitərəfli işbirliyini genişləndirmək haqda Tehranla dil tapmağa bel bağlayır. Amma danışığın baş tutmağı üçün Ermənistanın çox konkret iqtisadi gündəliyi olmalıdır. Bu isə var: İrəvan istəyir, ancaq Rusiyanın təbii qazından asılılığını hələ də heç cür azalda bilmir. O, İrandan yanacaq alır, lakin olduqca məhdud miqdarda və əsasən, həmin İrana idxal edilən elektrik enerjisi hasil etmək üçün. Sonuncu tədarükü artırmağa hazırdır, amma bu məsələdə bir neçə “əmma” var.
Məsələn, Ermənistanın İİR səfiri Artaşes Tumanyan təsdiqləyib ki, Rusiya qazının qiyməti (min kubmetrə 165 dollar) Ermənistana əlverişlidir, bir də İran ona daha ucuz yanacaq təklif etməyib. Düzdür, səfir deyib ki, “Başqa ideya var – biz Türkmənistan qazını alıb İran qazıyla mübadilə edə bilərik. Bu, çox rahat, əlyetən olardı, qaz almaqla bağlı qısqanclıq səhnələrindən yayınmağa yardım edərdi”.
Aydındır ki, səhnələri Rusiya düzəldir. Buna görə də özünü aldatmaq variantı nəzərdə tutulmursa, Türkmənistan qazı ideyası tam aydın deyil: RF-nin Türkmənistandan aldığı təbii qazı ondan almaq. Aydındır ki, belə qazın dəyəri Ermənistanın Rusiyadan “qardaşsayağı” ucuz aldığından bahadır.
Ümumiyyətlə, Ruhaninin gəlib-gəlməyəcəyi bəlli deyil. Amma Ermənistan onun səfəri sayəsində məhz İrəvandakı sammitə görünməmiş məna vermək istəyir. İqtisadi maraq olacaqsa, o gələcək, səfər üçün siyasi maraq isə görünmür. Lakin başqa motivlər İİR prezidentini səfərə meylləndirə bilər: birincisi, onun Putinlə kürəsəl kontekstdə müzakirə etməyə həmişə nəsə var. İkincisi, İran AİB-lə azad ticarət zonası haqda müvəqqəti müqavilə bağlayıb və blokdaxili “hərəkətlər” ona maraqlı ola bilər.
“Lragir” keçmiş prezident Serj Səksyanın AB ilə assosiasiya haqda saziş bağlamaqdan qabaqca imtina edərək respublikanın birliyə daxil oduğunu bildirdiyi günü “rüsvayçı tarix” adlandırıb. Və budur, Ermənistan bütün bu illər ərzində (nədənsə altı il deyirlər, amma ER birliyə 2015-ci il yanvarın 2-də qoşulub) “getdikcə daha dərinə bataraq, məxməri inqilaba baxmayaraq, Avrasiya bataqlığından çıxa bilmir”. Hətta Rusiya Ermənistan vətəndaşlarına münasibətdə “diskriminal qanunlar” qəbul edir və bu haqda artıq xarici işlər nazirinin müavini Koçaryan danışır.