Paşinyan Lukaşenkoya qarşı etiraz aksiyaları təşkil edir Dünya

Paşinyan Lukaşenkoya qarşı etiraz aksiyaları təşkil edir

Ermənistanın Baş naziri Nikol Paşinyan “bir əllə iki qarpız tutmaq” prinsipini rəhbər tutmağa davam edir.
Paşinyan Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenkonu ilk təbrik edənlərdən biri oldu: “Sizi yenidən Belarus Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə dövlət başçısı vəzifəsində nailiyyətlər və yeni uğurlar arzulayıram”.
Paşinyanın bu açıqlaması Avropa tərəfdarı olan qüvvələr tərəfindən birmənalı qəbul edilmədi. Lukaşenkoya Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalardan sonra Paşinyanın Qərb tərəfdaşları ilə problem yaşayacağı məlum idi.
Başqa bir çox hallarda olduğu kimi, Paşinyan bu çətin siyasi vəziyyətdən də kənd hiyləgərliyilə çıxmağa qərar verib. Paşinyanın komanda yoldaşları Belarusun Ermənistandakı səfirliyi yaxınlığında etiraz aksiyası təşkil ediblər. Etiraz aksiyasının təşkilatçısı, rəhbəri və təsisçisi İrəvan Ağsaqqallar Şurasının, hakim “Mənim addımım” fraksiyasının üzvü Qriqor Yeritsyan olan “Armenian Progressive Youth” qeyri-hökumət təşkilatıdır. Etiraz aksiyasının təşkili, hökumət xətti ilə İctimai Şura üzvü olaraq seçilən Konstitusiya İslahatı Komissiyasının üzvü Daniel İoannisyan tərəfindən də dəstəklənirdi.
Aydındır ki, bu şəkildə Paşinyan Qərb ölkələrini siyasi gündəmlərinə qoşulduğuna, ancaq vasitəçilik yolu ilə bunu etdiyinə inandırmağa çalışır. Digər tərəfdən, Paşinyan AİƏT üzv dövlətlərini bu etiraz aksiyaları ilə heç bir əlaqəsi olmadığına inandıra bilər.