Rusiya gələn il çökəcək Dünya

Rusiya gələn il çökəcək

Pentaqon isə Rusiyaya növbəti zərbə vurmaq niyyətindədir

Cavid

Qərbin sanksiyalarına və neftin qiymətinin aşağı düşməsi nəticəsində gələn il Rusiya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Bu barədə Rusiya hökuməti xəbərdarlıq edib.
Rusiya İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, Rusiya iqtisadiyyatı 0,8 faiz daralacaq.
Qeyd edək ki, bundan əvvəl nazirlik hesablamışdı ki, 2015-ci ildə iqtisadiyyat 1,2 faiz inkişaf edəcək.
Rusiya neft sənayesindəki vergilərdən əldə etdiyi gəlirlərə çox arxalanır deyə qiymətlərdə hər hansı dəyişiklik iqtisadiyyatına böyük təsir göstərir.
Ailəvi təmiz gəlirlərin həmçinin 2,8 faizədək azalacağı proqnozlaşdırılır. Nazirliyin əvvəlki hesablamalarında bu gəlirlərin 0,4 faiz artacağı gözlənilirdi.
Rusiya iqtisadi proqnozundakı kəskin dəyişmə, hökumət tərəfindən iqtisadiyyatın tənəzzül edəcəyi barədə ilk etiraf olduğuna görə daha böyük əhəmiyyət kəsb edir.
Rusiya Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma departamentinin direktoru Maksim Oreşkin bildirib ki, Rusiyanın Ehtiyat Fondundan 2015-ci ildə 500 milyard (təxminən 12 milyard dollar) rubl istifadə edilə bilər.
"Bizim növbəti ildə əsas müdafiəmiz Ehtiyat Fondu olacaq. Ehtiyat Fondundan istifadə ediləcəyi artıq əvvəlcədən müəyyənləşdirilib. Hansı həcmdə istifadə ediləcəyi isə hələlik məlum deyil. Amma bu məbləğ 500 milyard rubla qədər ola bilər", - deyə M.Oreşkin deyib.
Bundan əvvəl maliyyə naziri Anton Siluanov qeyd edib ki, neftin qiyməti və rublun mübadiləsinin mənfi dinamikasının davam edəcəyi halda, Maliyyə Nazirliyi bu vəsaitlərə müraciət etməyə məcbur olacaq.
Öz növbəsində maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko analoji məbləğlərin 2016-2017-ci illərdə də lazım olacağını istisna etməyib: "Büdcə siyasəti nöqteyi-nəzərindən risklər var. Biz biz üç il ərzində təxminən 1,5 trilyon rubldan istifadə edə bilərik. Bu demək olar ki, Ehtiyat Fondunun yarısıdır".
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı 2015-ci ildə hərbi ehtiyaclar üçün xərclər haqqında qanun layihəsini uyğunlaşdırıb.
"Wall Street Journal" nəşrinin verdiyi məlumata görə, qanun layihəsində "Atlas V" raket-daşıyıcıları üçün istifadə olunan Rusiyanın "RD-180" mühərriklərinin alınmasından imtina olunur.
"Wall Street Journal" nəşri qeyd edir ki, əgər qanun layihəsi qəbul edilər və prezident Barak Obama tərəfindən imzalanarsa, "United Launch Alliance" (ULA) şirkəti daha Rusiya mühərriklərinin alınmasını həyata keçirə bilməyəcək. Qanun layihəsi həmçinin Rusiya mühərriklərinin Amerika analoqlarının hazırlamasına 220 milyon dollar ayrılmasını nəzərdə tutur. Bu mühərriklərdən həmçinin gələcəkdə Amerika peyklərinin işə salınması üçün də istifadə olunacaq.
Qanun layihəsinin bu həftə həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul ediləcəyi gözlənilir. Layihənin müəllifi respublikaçı senator Con Makkeyndir. Lakin ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "RD-180" mühərrikləri ilə bağlı qəbul olunacaq qadağaya qarşı çıxır. Daha əvvəl Pentaqon bildirmişdi ki, Ukrayna böhranına görə yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya mühərriklərindən istifadə haqqında məsələ yenidən gözdən keçirilə bilər.
Qeyd edək ki, ULA Amerika peyklərinin işə salınması üçün "RD-180" Rusiya mühərriklərindən istifadə edən "Boeing" və "Lockheed Martin" şirkətlərinin ortaq müəssisəsidir. ABŞ-ın Hərbi Hava Qüvvələri ötən il ULA ilə 2019-cu ilə qədər Rusiya mühərriklərinin çatdırılması barədə müqavilə bağlayıb. Müqavilənin dəyəri 11 milyard dollar idi.
Artıq ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı raket mühərrikləri alınması və istehsalı ilə bağlı tender də elan edib.
Xatırladaq ki, ABŞ-ın Federal Məhkəməsi may ayında ULA müəssisəsinə Rusiyanın raket mühərriklərini almağı qadağan etmişdi. "RD-Amros" Rusiya-ABŞ müəssisəsi ilə ULA arasında bağlanan müqaviləyə görə, ABŞ-a 36 "RD-180" raket mühərriki tədarük edilməli idi.
ABŞ "RD-180" raketlərinin analoqu ilə bağlı şirkətlərin bir neçə təklifinə baxmağa hazırdır. ABŞ Hərbi-Hava Qüvvələrinin tələblərinə əsasən, yeni mühərriklər effektli və ticari baxımdan münasib olmalıdır.
ABŞ Federal Məhkəməsinin may ayında qəbul etdiyi qərara baxmayaraq, Vaşinqton iyunda Rusiya istehsalı olan raket mühərriklərinin alışını azaltmaq fikrindən daşınmışdı. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirmişdi ki, ABŞ Rusiyadan daha çox raket mühərriki almağa hazırdır. D.Roqozin daha əvvəl isə Rusiyanın ABŞ-ın sanksiyalarına cavab olaraq "RD-180" və "K-33" raket mühərriklərinin ABŞ-a satışını dayandıra biləcəyini söyləmişdi. "Amerikalılar bizdən "K-33" və "RD-180" raket mühərriklərini alırlar. Onlar hazırda Rusiyadan daha çox raket mühərriki almağa hazırdır", - D.Roqozin deyib.
"Bloomberg" agentliyi isə Rusiyanın "RD-180" raket mühərriklərinin əvəz olunması üzərində iş getdiyini xəbər vermişdi. Agentlik bunun üçün 1,5 milyard dolların lazım olduğu və prosesin altı il çəkəcəyini bildirsə də, ABŞ Hərbi-Hava Qüvvələrinin elan etdiyi tender bu müddətin daha az olacağını göstərir.
Heç kimə sirr deyil ki, amerikan peyk-casusları və məxfi kosmik qurğuları orbitdə Rusiya raket mühərriklərinin köməyilə fəaliyyət göstərir. Bu barədə yazan "The Washington Post" qəzetinin müxbiri Coel Akenbak bildirir ki, müdafiə müəssisələrinin məmurları və aerokosmik sahəyə aid mütəxəssislər ABŞ-ın artıq çoxdan raket mühərriklərinin hazırlanması üçün istehsal bazası yaratmalı olduğunu təsdiqləyir: "Bu baza Rusiya bazasından geri qalmamalıdır. Nəzəri baxımdan hər şey sadədir: Nəyə görə ABŞ ölkənin milli təhlükəsizliyi ilə bağlı proqram məsələsində ruslardan asılı olmalıdır? ABŞ-da raket mühərriklərinin istehsalı bir neçə ilə başa gələ bilər".
Amerikada "Atlas V" raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər – "RD-180"lə təchiz olunmalıdır. Amma amerikanlarda cəmisi 16 bu cür mühərrik var.