30 seperatçı əsir götürülüb Dünya

30 seperatçı əsir götürülüb

Putinin məqsədi Mariupolu nəzarətdə saxlamaqdır

Cavid

Donetsk aeroportunun ələ keçirilməsindən sonra Mariupol şəhərinin güclü artilleriya atəşinə məruz qalması separatçıların növbəti hədəfinin sözügedən şəhər olacağı barədə fikirlərin ortaya çıxmasına səbəb oldu. Ukrayna mediası xəbər verir ki, ekspertlər Mariupol şəhərini separatçılar və onları dəstəkləyən Rusiya prezidenti Vladimir Putin üçün qiymətli edən cəhətlərdən danışıb.
Ukrayna ordusunun istefada olan general-mayoru, Atlantik Şurasının prezidenti Vadim Qreçaninov hesab edir ki, Donetsk vilayətinin Mariupol şəhəri bir neçə səbəbə görə Rusiyanın hərbi ekspansiyası üçün əhəmiyyət daşıyır: "Mariupol dənizə çıxışdır. Bundan başqa, şəhər ölkənin içinə, Odessa və Nikolayev istiqamətinə gedən yolun üzərində yerləşir. Mariupol həm də Krıma nəzərdə tutulan quru dəhlizin bir hissəsidir".
Avroatlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziyin fikrincə, Mariupolun sənaye mərkəzi olması və Krıma quru dəhlizi üzərində yerləşməsi şəhərin Putin üçün əhəmiyyətini artırır.
Dünən Ukrayna mediasının verdiyi xəbərlərə görə, Donbas batalyonu Donetsk yaxınlığında 30-dan çox separatçını əsir götürüb. Bu barədə batalyonun mətbuat mərkəzindən məlumat verilib.
"Bu gün qısamüddətli döyüşdən sonra separatçıların "Yuri Dolqoruki" adlı batalyonunun hərbçiləri əsir düşüb. 30-dan çox döyüşçü öz komandirlərini tərksilah edərək onu bizə təhvil veriblər", - məlumatda bildirilib.
Dindirilmə zamanı separatçılar bildirib ki, Moskvanın kredit şirkətləri onları Ukraynanın şərqində döyüşə getməyə məcbur ediblər.
"Borclarını vaxtında ödəyə bilməyənlər kreditorlar tərəfindən evlərinin əlindən alınacağı, kreditlərin dələduzluq yolu ilə götürülməsinə görə cinayət işi açılacağı, hətta valideynlik hüququndan məhrum ediləcəkləri ilə şantaj olunur. Bütün bunların baş verməməsi üçün onlar Ukraynadakı separatçıların tərkibində döyüşməyə məcbur edilir", - bildirilib.
Separatçıların əsir götürülmüş komandiri Dmitri Nilov isə qaçmağa cəhd edərkən öldürülüb.
Rusiyalı iqtisadi ekspert Sergey Quriyev deyib ki, Rusiyanın Mariupola hücumu yeni sanksiyaların tətbiqinə səbəb olacaq.
Yeni sanksiyaların bankları təlaşa salacağını deyən Quriyev ilk addımın Dünya Bankından gələcəyini bildirib.
Quriyev Dünya Bankının Rusiya banklarına tətbiq etdiyi sanksiyalardan sonra oliqarxlar və vəzifəli şəxsləri də hədəfə alacağını qeyd edib. Sanksiyaların Rusiya banklarına ciddi şəkildə təsir göstərəcəyini vurğulayan rusiyalı ekspert bankların yeni yaranacaq problemlərdən yaxa qurtarmalarının son dərəcə çətin olacağını deyib.
Bu arada NATO Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin bəyanatını cəfəngiyat adlandırıb.
Stoltenberq Putinin əsgərlərinin Ukraynada vuruşduğunu qeyd edib.
Stoltenberq Putinin Ukraynada NATO qüvvələrinin olması barədə dediklərinin cəfəngiyyat olduğunu, bölgədə tək xarici gücün Rusiya olduğunu bildirib:
"Ukrayna ordusu ilk növbədə NATO-un xeyrinə hərəkət edir. Xalq üçün mübarizə aparır".
Stoltenberq Moskvanın ittihamlarını rədd edib.
"Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə bildirib ki, NATO ölkələri Kiyevi texnika ilə təmin edir və bunu heç kim gizlətmir.
O, Qərbin Rusiya ilə savaşda Ukrayna ordusuna dəstək verdiyini bildirib: "NATO faktiki olaraq Ukraynada savaşan tərəflərdən biridir. NATO ölkələri Kiyevi texnika ilə təmin edir və bunu heç kim gizlətmir. Bundan əlavə, Alyansa üzv ölkələrin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməsi danılmazdır. Misal üçün, ABŞ daima peyk vasitəsilə Donbası izləyir və əldə etdiyi məlumatı Kiyevə ötürür. Bir sözlə, Ukrayna ordusu NATO ilə birgə Rusiyaya qarşı mübarizə aparır".
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin öz çıxışında Ukrayna Silahlı Qüvvələrini Rusiyanı işğal etmək istəyən NATO legionu adlandırıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümyəndəsi Vladimir Polevoy açıqlama verib ki, Rusiya Ukrayna ilə sərhədə yaxın ərazilərdə hərbi aviasiyanı aktivləşdirir.
O bildirib ki, hərbi kəşfiyyatın məlumatına görə, Ukrayna ilə sərhədə yaxın bölgələrdə Rusiya hərbi aviasiyasının hərəkətləri fəallaşıb. Belə ki, Rostov-na-Donu şəhərində hərbi aerodromda naməlum yüklə "İl-76" nəqliyyat təyyarələrinin dəfələrlə enmələri qeydə alınıb".
Polevoy qeyd edib ki, Rusiya Federasiyası işğal edilmiş Krımın ərazisində öz hərbi hava güclərinin döyüş potensialını yetişdirir.
"Rusiya sərhəd boyu hərbi texnikasını cəmləndirməkdə davam edir. "Mi-24" vertolyotları və hərbi-nəqliyyat təyyarələri ilə Rusiya desant-hücum hissələrinin gücləndirir", - deyə Polevoy bildirib.
Rusiyalı hərbi ekspert, "Yeni qəzet" nəşrinin əməkdaşı Pavel Felqenqauer bildirib ki, Rusiyanın Ukraynaya açıq və tammiqyaslı hərbi müdaxiləsi təhlükəsi yayda artacaq. Onun fikrincə, Kremlin bundan sonrakı planları həm də Ukraynada baş verə biləcək proseslərlə bağlıdır: "Rusiya açıq müharibədə maraqlı və indiki halda buna hazır da deyil. Kreml Ukraynaya hərbi, siyasi və iqtisadi təzyiqi davam etdirmək niyyətindədir. Putin rəhbərliyi ukraynalıların səbrinin tükənəcəyinə və bunun Kiyevdə rejim dəyişikliyinə gətirib çıxaracağına ümid edir".
Felqenqauer qeyd edib ki, daxili problemlərdən rusiyalıların dıqqətini yayındırmaq üçün müharibəyə ehtiyac yarana bilər: "Rusiya Federasiyasında sosial partlayış vəziyyəti yalnız kəskinləşdirə bilər. Çünki bu halda Qərblə və Ukrayna ilə münaqişəni gücləndirmək üçün real stimul yaranacaq. Moskvada kartofun kiloqramı hazırda 80 rubldur və aprel ayında 150-200 rubla qədər qalxacağı gözlənilir. Bu halda isə Putinə müharibə lazımdır".