Obama Rusiyanı ittiham etdi Dünya

Obama Rusiyanı ittiham etdi

"Putin yenə aqressiv mövqe tutur"

Cavid

ABŞ prezidenti Barak Obama NATO-nun baş katibi Jens Stoltenberglə görüşü zamanı Rusiyanı Ukraynaya dair get-gedə daha aqressiv mövqe tutmaqda günahlandırıb. Bu haqda məlumatı BBC telekanalı yayıb.
Məlumata görə, çərşənbə axşamı Ağ Evdə görüşdən sonra hər iki siyasətçi bir daha qeyd ediblər ki, münaqişə tərəfləri hələ də "sülhə yol aça biləcək" Minsk razılaşmalarına hörmət etməlidirlər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Obamanın sözlərinin şərhə ehtiyacı olmadığını bəyan edib: "Kremldə "artıq bu qəbildən bəyanatlar eşidiblər".
ATƏT-in Donbasdakı missiyası çərşənbə axşamı məlumat verib ki, münaqişə tərəfləri daima Minsk razılaşmalarını pozurlar.
Qərb ölkələri də Rusiyanı, onun qoşunları Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə ittiham edirlər.
Mayın 16-da Ukrayna qoşunları tərəfindən saxlanan Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev hazırda Kiyev xəstəxanasında aldıqları xəsarətlərdən müalicə olunurlar.
Kiyev Rusiya hərbçilərinin tutulduğu məqamda xidmətdə olan hərbçilər qismində döyüş tapşırıqları yerinə yetirdiklərini bildirir. Moskva öz növbəsində həmin vaxta kimi rusiyalı hərbçilərin hərbi xidmətdən azad olduqlarını israr edir.
Prezident Obama həmçinin bəyan edib ki, NATO, Ukraynadan tutmuş İraqadək bir neçə bölgədən törənən təhlükələri nəzərə alaraq, öz qüvvələrindən nə dərəcədə səmərəli istifadə etdiyini düşünməlidir.
"Biz "İslam dövləti" ilə mübarizəni səmərəli əlaqələndirmək üçün və Liviyada baş almış problemlərin öhdəsindən gəlmək üçün NATO və terrorçuluqla mübarizə üzrə digər tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik, çünki, şübhəsiz, NATO-ya üzv ölkələrin bir çoxu Liviyada hökm sürən hərc-mərcliyin yayılması ehtimalından narahatdır", - prezident deyib.
Ağ Evin mətbuat katibi Coş Ernest isə ölkəsinin Ukraynada İraqdakı kimi müharibə etmək niyyətində olmadığını bildirib: "ABŞ Ukraynada müharibəyə getməyə hazır deyil. Biz bunu aydın şəkildə çatdırmışıq".
Bununla belə, Ağ ev rəsmisinin fikrincə, "ABŞ və onun NATO-dakı müttəfiqləri üçün Ukraynaya yardım göstərmək imkanı mövcuddur".