Neft çəlləyi üzərində böyük siyasət Dünya

Neft çəlləyi üzərində böyük siyasət

Səudiyyə Ərəbistanı neft əsrini uzatmaq istəyir

Cavid

Ötən ilin payızı qiymətlərin kəskin şəkildə düşdüyü vaxtlarda Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi sakitlliyini qorudu. Ancaq yenə də o, həmişə olduğu kimi üç qitədə gedən konfranslarda iştirak edirdi. Sentyabr ayının ortalarından noyabr ayının ortalarına qədər isə etalon növlü xam neft qiymətləri 21 faiz azalaraq dörd ildə görünmüş ən aşağı səviyyəyə düşdü. Naimi isə ictimaiyyət qarşısında bununla bağlı bir kəlmə belə demədi. "Bloomberg" bildirir ki, beynəlxaq neft bazarı təklif və qiymətlərin hansı yerlərdə yüksəldiyini bilmək üçün 20 il Naiminin fikirlərinin hər bir hecasını təhlil edib. 1998-ci il Asiya maliyyə böhranı və 10 il sonra baş verən qlobal böhran olmaqla iki dəfə OPEC üzvləri arasında istehsalı azaltmaqla neft qiymətlərinin düşməsinin qarşısını alan Naimi bu səfər isə gizlənməyi seçdi. Kartelin 27 noyabr tarixində keçirilən yarımillik iclasında Naimi daha cəsarətli bir strategiyanın lehinə 12 üzv ölkənin dəstəklədiyi, istehsalın azaldılması təklifini rədd etdi. Onun strategiyası isə neft çıxarılmasına davam edərək aşağı qiymətlərin yüksək xərcli tədarükçüləri bazardan çıxmağa vadar etməsini gözləmək idi. Neft qiyməti növbəti günün sonuna qədər 10 faiz də azaldı. 2011-ci ildən 2014-cü ilin ortalarına qədər bir barreli 110 dollar olan neftin qiyməti yanvar ayında 50 dollardan da aşağı düşdü. Noyabr ayında mətbuata bağlı şəkildə keçirilən iclasda müzakirələri 79 yaşlı Naimi idarə edirdi. O, OPEC təşkilatından olan həmkarlarına bildirib ki, bazar payını ABŞ-ın bazara getdikcə daha çox çıxardığı şist neftindən qorumaq üçün istehsalı olduğu səviyyədə saxlamalıdırlar. Dekabr ayında verdiyi müsahibələrdən birində, demək olar, eyni şeyləri təkrarlayan Naimi Səudiyyə Ərəbistanı kimi aşağı xərcli istehsalçıların bazarda balans yaratmaq üçün istehsalı azaltmalarının məntiqə uyğun olmadığını iddia edib. Naimi və digər Səudiyyə liderlərinin illərlə əsas qayğıları iqlim dəyişikliyi və xam neft qiymətlərinin enerji səmərəliliyini artıracağı, bərpa olunan enerji mənbələrini qoruyacağı və təbii qaz kimi alternativ yanacaqlara keçidi sürətləndirəcəyi olub. Onlar görürlər ki, bəlkə də, krallığın böyük sərvətini yaradan və səhra qumları altında hələ də bol olan neftə tələbat necə zirvəyə yaxınlaşır. Karbon emisssiyaları haqqında qlobal narahatlıq olduğunu və qalıq yanacaqlardan asılılığın azaldılması üçün cəhdlər göstərildiyini nəzərə alan Əli əl-Naimi bu mövzunu açıq şəkildə müzakirə etməsə də, tendensiyanı qəbul edir. Belə ki, o, üç il əvvəl Qətərdə müxbirlərə bildirib ki, tələb təklifi olduqca üstələyəcək. Əgər neft istehlakında artım olduğu səviyyədə qalarsa, ümumi daxili məhsulunun yarıya qədərini neft ixracından götürən Səudiyyə Ərəbistanının vəziyyəti çətin olacaq. Ötən həftə Riyadda çıxış edən Naimi bildirib ki, qalıq yanacaqlarından istifadəni məhdudlaşdırmaq üçün beynəlxalq razılıqlar əldə etmək istəyənlər var. Bunun gerçəkləşməsi neft istehsalçılarının maraqlarına uzunmüddətli zərər vuracaq. "WikiLeaks" tərəfindən yerləşdirilən məlumatlar göstərir ki, səudiyyəlilərin neftdən asılılığı uzatmaq maraqlarının on ilə yaxın tarixi var. 2006-cı ildə səfirlik nümayəndəsinin məlumatına görə, Naimi həmkarları və ABŞ diplomatları ilə söhbət zamanı Amerikanın "təklif təminatı" istəyinə Səudiyyənin "tələb təminatı" ehtiyacı ilə qarşılıq verib. Heç şübhəsiz, səudiyyəlilər neft hasilatının zirvəyə çatacağı haqda heç vaxt çox düşünməyiblər. Qlobal bazara çıxarılan xam neftin artmasının dayanacağı və tələblə ayaqlaşa bilməyəcəyi sadəcə bir təxmin idi. Bu arqument əsrin əvvəlində aparılan müzakirələr zamanı bir qrup geoloq və ekoloq tərəfindən irəli sürülmüşdü. 2005-ci ildə isə neft analitiki Metyu Simmons Səudiyyənin neft hasilatının azalması ilə qlobal neft təchizatının da zəifləyəcəyi proqnozunu vermiş, Naimi isə bu iddialara önəm verməmiş və istehsalın daha da artacağına söz vermişdi. Bu müzakirədə elə o qalib gəldi. Belə ki, səudiyyəlilər bu gün on il əvvəl olduğundan daha çox neft çıxarırlar. ABŞ-da da beş il əvvəl bir günə 6 milyon barrel olan neft hasilatı 2014-cü ilin sonunda günə 9 milyon barrelə çatıb. Ötən il neft qiymətləri düşməzdən əvvəl Səudiyyə rəsmiləri özlərini qlobal tələbin 2025-ci ilə qədər eyni səviyyədə qalacağına hazırlayırdılar. Bəlkə də, onlar qiymətlərin düşməsinə imkan verməklə zaman qazanmağa çalışıblar. Qiymətlərin bir barrel üçün 60-70 dollar olması tələbin ən yüksək səviyyəyə çatacağı vaxtı beş il də irəli atır. Belə olduğu halda, bərpa olunan enerji şirkətləri üçün xəbərlərin yaxşı olduğunu demək olmaz. Xam neft qiymətlərinin bir barrel üçün 100 dollar olması tələbin zirvəyə çatmasını yaxınlaşdırırdı. Səudiyyə rəsmilərindən biri bildirib ki, ötən dörd il enerji üzrə bazar payı baxımından neft istehsalçıları üçün olduqca çətin və ağır keçib. Getdikcə daha məhsuldar olan yeni iqtisadiyyatlar enerji mənbələrini çoxaldırlar. Bu da mütləq şəkildə neft istehsalına öz təsirini göstərib. Bir yandan aşağı xərcli yanacaqların əvəzlənməsi də zərər vurur. Çindən idxal edilən dizel yanacağına tələbat on il müddətinə orta hesabla bir il üçün 8 faiz qalxdıqdan sonra 2013 və 2014-cü illərdə aşağı düşdü. Bunun səbəblərindən birinin ölkədə təbii qazla işləyən nəqliyyat vasitələrinin sürətlə artması olduğu söylənilir. Bu il Çinin neftə tələbatının bir gün üçün 10,6 milyon barrelə çatması gözlənilir. Beş ildir yoldaşlarına vəzifədən getməyə hazır olduğunu söyləyən Naimi daha bir kəskin bazar dəyişikliyi qarşısında ciddi risklərlə üzləşir. Onun bazarda balans yaratmaq üçün bazara çıxarılan neftin həcmini azaldaraq Səudiyyə Ərəbistanı ilə OPEC-in yenidən sabitləşdirici istehsalçı rolunu götürmələrini rədd etməsi qiymətlərin bərpa edilməsinə ən çox ehtiyac duyan, iqtisadi cəhətdən çətin vəziyyətdə olan üzv dövlətlərə zərər verir. İqtisadiyyatın sarsıldığı və xarici valyuta ehtiyatlarının tükəndiyi Venesuelada neftin tənəzzülü dövlət büdcəsində daha böyük boşluq yaradır və böhranı gücləndirir. İxracatı məhdudlaşdıran sanksiyaların təsirini azaltmaq üçün qiymətlərin yüksək olmasına ehtiyac duyan iran Səudiyyənin strategiyasının əleyhinə olub. Xarici işlər nazirinin müavini yanvar ayında bildirib ki, körfəz ölkələri qiymətlərin düşməsini dayandırmaq üçün tədbir görməlidirlər. Neft qiymətləri bir neçə il də aşağı qalarsa, ehtiyatda 700 milyard dolları olan Səudiyyə Ərəbistanı belə maddi çətinliklə üzləşə bilər. Təxminən 30 milyon əhalisi olan krallıq daxili proqramlar və xarici yardım üzrə çoxlu xərc çəkir. Kral Abdullahın ölümündən sonra taxta çıxan Kral Salman ilk çıxışında təhsili inkişaf etdirəcəyi və səhiyyə xidmətini genişləndirəcəyinə söz vermişdi. 2014-cü ildə neft qiymətləri yüksək olsa da, Səudiyyə Ərəbistanının dövlət büdcəsində kəsir olub. Naimi isə noyabr ayındakı iclasdan bəri qiymətlərin düşməsinin davam edib-etməyəcəyini bilmədiyini, ən əsas məqsədlərinin neftdən gələn gəlirlərdən həddən artıq asılı olmalarının aradan qaldırılması olduğunu deyib.