AVCİYA məktəb və valideyn əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində layihə icra edir Hadisə

AVCİYA məktəb və valideyn əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində layihə icra edir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Dialoq: ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi" layihəsinin icrasına başlamışdır.
Layihədə məktəblilərin psixoloji gərginliyinin aradan qaldırılması, onların təhsilə marağının artırılması hədəfə alınmışdır. Bu məqsədlə məktəb psixoloqlarının məktəb-valideyn münasibətlərinin möhkəmləndirilməsində rolunun artırılması, məktəblilərin psixoloji reabilitasiyasının aparılması və onların psixoloji gərginliyinin aradan qaldırılması, məktəblilər arasında özünüdərkin inkişaf etdirilməsi, fərdi xüsusiyyət və keyfiyyətlərini ifadə etmələri üçün şəraitin yaradılması, özünüqiymətləndirmənin yüksəldilməsi, valideynlərin tədris prosesinin səmərəliliyinin artırılmasına cəlb olunması, müəllim - şagird və müəllim-valideyn ünsiyyətinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaqdır. Layihəyə Bakı şəhərində yerləşən orta məktəblərdə təhsil alan 315 gənc, eləcə də məktəb psixoloqları cəlb olunacaqlar. Layihə çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə orta məktəblərdə psixoloji seminarlar keçiriləcəkdir.
Seminarlarda "psixologiya elmi nəyi öyrənir və psixi proseslər haqqında anlayış", "mən dünyanı necə dərk edirəm, hisslər və onların əhəmiyyəti, ünsiyyət zamanı mimika və pantomimika, ünsiyyət və ona olan ehtiyac, ünsiyyət və münaqişə", "mən kimdir? Fərd və şəxsiyyət, temperament və xarakter", "qabilliyyətlərim, şəxsiyyət, fərd, fərdi xüsusiyyətlər nədir?", "uşaq və yeniyetmələrin əsas psixoloji problemləri, özünüaktuallaşdırma, stress, depressiya, aqressiya, psixoloji tənhalıq" və sair bu kimi mühüm mövzular müzakirə ediləcək. Layihə çərçivəsində icra ediləcək çoxşaxəli fəaliyyət istiqamətlərindən biri də "facebook" sosial şəbəkəsində "Dialoq" qrupunun yaradılmasıdır. Bu qrup valideyn, məktəbli və psixoloq əməkdaşlığı üçün mühüm sosial platforma olacaqdır.