Ermənilər Qaradağlıda ən qanlı faciəni törədiblər Hadisə

Ermənilər Qaradağlıda ən qanlı faciəni törədiblər

Bu soyqırımda ümumilikdə 117 kənd sakini öldürülüb, onlarla insan girov götürülüb

"Bir neçə gündən sonra Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımın 22-ci ildönümünü qeyd edəcəyik. 22 il öncə Ermənistan ordusunun əsgərləri Rusiyanın 366-cı diviziyası ilə birlikdə Qaradağlı kəndinə hücuma edərək dəhşətli soyqırım törətdi."
Bunu Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədimov, Qaradağlı faciəsinin 22-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə bildirib.
V.Qədimov deyib ki, Ermənistan tarix boyu havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları üzərində qanlı qətliamlar törətməklə, "Böyük Ermənistan" dövlətini qurmaq istəyiblər: "Bu planını həyata keçirmək istəyən Ermənistan 1988-ci ildən başlayaraq, torpaqlarımızın 20 faizini işğal edərək, öz dövlətlərini qurdular. İşğala məruz qalan belə torpaqlardan biri də Xocavənd rayonudur. Heç bir beynəlxalq standartlara və hüquq normalarına məhəl qoymayan Ermənistan ordusu 1992-ci ilin fevralından başlayaraq, Xocavənd rayonunun Qaradağlı kəndinə qarşı qətliam planlarını həyata keçirməyə başladılar və fevralın 17-də kəndə hücum edərək ən qanlı faciəni törətdilər. Bu soyqırımda ümumilikdə 117 kənd sakini öldürülüb, onlarla insan girov götürülüb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb".
Təşkilat sədri vurğulayıb ki, Azərbaycan torpaqlarında törədilən soyqırımalara ikili münasibət göstərən beynəlxalq təşkilatların Qaradağlı faciəsinə göz yummasına, terroru və təcavüzü özünün dövlət siyasətinə çevirmiş Ermənistana verdiyi dəstəkdən başqa heç bir ad vermək olmaz: "Xocalı soyqırımına aparan Qaradağlı faciəsi azğınlaşmış erməni hərbçilərinin qanlı cinayətlərindən biridirsə, bu qırğınlara göz yuman beynəlxalq təşkilatların fəaliyyətləri isə daşıdıqları missiyaya xəyanətdən başqa bir şey deyil".
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qaradağlı faciəsinin səbəbləri barədə danışıb. O, Ermənistanın törətdiyi soyqırımı aktlarının bəşəri cinayət olduğunu və bu cinayətə beynəlxalq təşkilatların hüquqi qiymət vermələrinin vacib olduğunu söyləyib.
Qeyd edək ki, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. Erməni silahlı birləşmələri yalnız 4 gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Xocalı faciəsindən bir neçə gün əvvəl törədilən Qaradağlı faciəsi Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb.
Kəndin hər 10 sakinindən biri şəhid olub. Ermənilər əsir götürdükləri adamları da erməni qəbiristanlığına apararaq gülləbaran ediblər. Qəbiristanlıqdakı gülləbaran nəticəsində 32 nəfər öldürülüb. Qalan girovları isə Xankəndinə apararaq, iki ay ərzində ingəncələrə məruz qoyublar. Şahidlərin bildirdiklərinə görə, onları hətta qışın sərt şaxtasında dizə qədər suyun içində saxlayıblar. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişib. Ermənilər təkcə kişilərə deyil, qadınlara və uşaqlara da dəhşətli işgəncələr veriblər.