Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub Hadisə

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın "İslam Həmrəyliyi İli"nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olub.
İclasda institut direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan islamın yayıldığı ilk ölkələrdəndir: "Tarix İnstitutunun nəşrləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları ərəb dilində də çap olunub".
Akademik Yaqub Mahmudov Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydini tədbir iştirakçılarına təqdim edərək, bunları deyib: "Əhməd bəy Azərbaycan üçün mühüm işlər görən bir insandır. Misirli dostumuzun təşəbbüsü ilə Misir Mədəniyyət Mərkəzində Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Misirdən dəvət olunmuş mütəxəssislər 1 ildir ki, institutun alimlərinə ərəb dilini öyrədirlər".
Misirli alim çıxışında bildirib ki, hədəfimiz birdir: "Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir və bu mərkəz Bakıda 1999-cu ildən fəaliyyət göstərir". Əhməd Sami Elaydi ulu öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözlərini xatırladaraq Azərbaycanı sevdiyini bildirib.
Daha sonra misirli alim Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından ərəb dilində olan 10 min elektron kitabı AMEA-nın Tarix İnstitutuna hədiyyə edib. Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, "Müasir islam tarixində Osmanlı dövləti", "Osmanlı dövləti necə süqut etdi", "Təbəri tarixindən seçmələr", "İraq mədəniyyəti","Ərəb ədəbiyyatı tarixi" və digər kitablar, bundan əlavə fəlsəfə, uşaq ədəbiyyatı, şeir, hədis, lüğətlər də var.
Yaqub Mahmudov kitab hədiyyəsinə görə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinə və Əhməd Sami Elaydiyə təşəkkürünü bildirib. İnstitut direktoru misirli qonağa "Azərbaycan Respublikasının Milli Atlası"nı və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəbcə nəşrini hədiyyə edib.
Tədbirdə digər çıxış edənlər Tarix İnstitutu ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında olan əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, yüksək qiymətləndiriblər.