Ermənilər işğal etdikləri ərazilərini vəhşicəsinə talan edirlər Hadisə

Ermənilər işğal etdikləri ərazilərini vəhşicəsinə talan edirlər

Dünən ADA Universitetinin kitabxanasında "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar" adlı hesabatın təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri ADA Universitetinin rektoru Hafiz Paşayev açıq elan edərək tədbirin əhəmiyyətini qeyd edib.
Daha sonra Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və "AzərKosmos" ASC-nin sədri Rəşad Nəbiyev tərəfindən təqdimat edilib.
Hikmət Hacıyev hesabatı təqdim edərək Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan öz peyki vasitəsilə ermənilərin qeyri-qanuni fəaliyyəti barədə faktları toplayıb və yayıb.
Rəşad Nəbiyev isə deyib ki, işğal edilmiş ərazilər vəhşicəsinə dağıdılıb. O qeyd edib ki, son bir neçə ildə Dağlıq Qarabağda məhv edimiş meşələr Azərbaycanın ümumu meşə fondunun 5 faizini təşkil edir. Rəşad Nəbiyev vurğulayıb ki, işğal edilmiş Azərbaycan ərazilərində yeni qəsəbələr tikilir və qanunsuz şəkildə ermənilər orada yerləşdirilir.
"AzərKosmos" ASC-nin sədri vurğulayıb ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrimizi dağıdıblar. Peyk vasitəsilə həmin dağıdılmış abidələrin izləri görünür. O əlavə edib ki, eyni zamanda ermənilər işğal edilmiş ərazilərdə qanunsuz kənd təsərrüfatı fəaliyyəti aparırlar.