“Monitorinq.az” portalı təqdim olunub Hadisə

“Monitorinq.az” portalı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “BP Azerbaijan” şirkəti ilə birgə hazırladığı yeni “monitoring.az” portalının təqdimatı keçirilib. Portalın yaradılmasının məqsədi Strateji Yol xəritələrinin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasında olan “kommunikasiya məsafəsini” azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökumət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. Mərkəz Strateji Yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadiyönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir.
V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqlarının nəticəsi olduğunu qeyd edib: “Monitoring.az” portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində böyük verilənlər (big data) bazası yaratmağa imkan yaradır. Digər tərəfdən “azranking.az” portalı isə verilənlər bazasından istifadə etməklə islahatların generasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. Gələcəkdə “monitorinq.az” və “azranking.az” portalları arasında funksional əlaqə “müdrik çevrə” yaradacaq. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın özünəməxsus iqtisadi islahatların idarəedilməsi modeli yaradılıb. “Monitoring.az” portalı İİTKM-in monitorinq institutu kimi qiymətləndirmə, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də sürətlənməsinə müsbət təsir göstərəcək”.
Daha sonra “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli İİTKM-in BP ilə elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək layihəsinin uğurla başa çatmasından məmnunluq ifadə edib: “BP həmişə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə dəstək vermək öhdəliyinə sadiq olub. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.”
Qeyd edək ki, elektron portalın fəaliyyətə başlaması ölkədə monitorinq və qiymətləndirmə prosesinin hesabatlılıq, şəffaflıq, çeviklik, obyektivlik, qanunun aliliyi, səmərəli qərar qəbuletmə və yaxşı idarəetmə prinsiplərinə əsaslanmaqla koordinasiyasına imkan yaradacaq. Belə idarəetmə ilk növbədə ədalətli təmsilçiliyə, bürokratik prosedurların azalmasına, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir. Belə bir portalın istismara verilməsi elektron platforma vasitəsilə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, məlumat mübadiləsinə sərf olunan vaxtın maksimum azaldılmasına şərait yaradacaq. Digər tərəfdən, bu, ölkəyə müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, vətəndaşların dövlət idarəçiliyində və islahatların aparılması prosesində fəal iştiraka cəlb olunması kimi məsələlərdə də əlavə stimullar yaradacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitikləri Yusif Səfərov və Ayaz Museyibov monitorinq və qiymətləndirmə üzrə proqram təminatına dair təqdimatla çıxış ediblər. Bildirilib ki, portal monitorinq və qiymətləndirmə prosesini institusionallaşdırır, islahat proseslərini rəqəmsallaşdırır, koordinasiya və kommunikasiyanın effektivliyini artırır, hesabatlılıq, şəffaflıq və səmərəliliyi yüksəldir. Əlavə olunub ki, Portal icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini tam əhatə edir.