Ramin Bayramlı: “Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik” Hadisə

Ramin Bayramlı: “Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik”

Dünyada 7 milyonadək insan koronavirusa yoluxubHazırda dünyada 7 milyonadək insan koronavirusa yoluxub. Onlardan 400 minə qədəri vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O, həmçinin bildirib ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması bir sıra bölgələrdə sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərib və virusa yoluxanların sayı artıb. Ona görə də COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb.
Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7047 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 322.574-ə çatıb. Hazırda 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 100 nəfəri reanimasiyadadır ki, onlardan da 21-i süni tənəffüs cihazına qoşulub.
Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik. Ramin Bayramlının sözlərinə görə, COVİD-19-un yayılmasının qarşısının alınması üçün vətəndaşların yalnız qısamüddətli qapanmalarda olması kifayət deyil, insanlar tələb olunan qaydalara da əməl etməlidirlər: "Bəzi vətəndaşlar bu halı ikinci dalğa kimi qəbul edirlər. Bu, belə deyil, hazırda pandemiyanın başlanğıc mərhələsindəyik”.
Statistikaya görə, hər gün ölkəmizdə 150-170 nəfər vəfat edir. Dəfn mərasimində iştirak etmək istəyənlər 102 xidmətinə zəng etməklə buna nail ola bilərlər və polis işçilərinin planşetində icazə ilə bağlı müvafiq qeydiyyat olacaqdır. Əvvəlki sərt karantin rejimində bu sahədə sui-istifadə halları qeydə alınıb. Hətta bəzi günlər 40 minə yaxın müraciət edilib və araşdırılarkən bunların əksəriyyətinin həmin məqsədə xidmət etmədiyi aşkar olunub. Ona görə də əsassız dərman almaq və digər həqiqətə uyğun olmayan məqsədlərlə 102 xidmətinə zəng edənlər barədə müvafiq strukturlar barədə araşdırma aparılacaq.
İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Lakin bu, özəl qurumlara şamil edilmir. “Özəl qurumlara tövsiyə edirik ki, sabah iş saatının 14:00-da bitməsi məsələsinə baxsınlar”, - deyə R.Bayramlı qeyd edib. Ola bilsin ki, növbəti həftələrdə bayram günlərinə yaxın həftə sonları birləşdirilməklə 2-3 günlük qapanmalar tətbiq edilsin.