MM-in Regional məsələlər komitəsinin iclasında bələdiyyələrlə bağlı müzakirə Hadisə

MM-in Regional məsələlər komitəsinin iclasında bələdiyyələrlə bağlı müzakirə

Mehdi Səlimzadə: "Bələdiyyə seçkiləri çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək"

Milli Məclisinin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında bir sıra qanun layihələri müzakirəyə çıxarılıb. Komitə sədri Arif Rəhimzadənin rəhbərliyi ilə keçirilən iclasda "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında"və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" qanunlara dəyişiklər müzakirə olunub. A.Rəhimzadə bildirib ki, layihələr texniki dəyişiklik xarakteri daşıyır: "Biz bu məsələləri iyunda geniş müzakirə etmişdik. Yəni, bələdiyyələr bundan sonra ödənişləri və vergiləri nağd şəklində yox, poçt, yaxud bank vasitəsi ilə həyata keçirəcəklər. Eyni zamanda, bələdiyyələrə indiyəcən yalınız dotasiyalar ayrılırdı. İndisə onlara subvensiyalar da ayrılacaq. Hətta bununla bağlı müvafiq qərar da var. Bu gün sadəcə, həmin qanunlara bu məsələləri nəzərdə tutan texniki dəyişikliklər edilməsi təklif olunur".
İclasda Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib ki, qarşıdan gələn növbəti bələdiyyə seçkiləri çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək.
Onun qeyd etdiyinə görə, ölkədə bələdiyyələrin fəaliyyəti, bələdiyyələrin ildən-ilə nüfuzu artdıqca, gücləndikcə həmin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların da sayı artır:
"Heç təsadüfi deyil ki, hazırda bələdiyyələrdə bir yerə 3 nəfərin namizədliyi qeydə alınb. Ancaq kimlər ki, insanları inandıra biləcəklər, onlar bələdiyyələrə seçiləcək, təmsilçilik hüququ qazanacaqlar.
Eyni zamanda, bizim hazırda 5 illik fəaliyyətləri sona çatmaqda olan bələdiyyələrə arzumuz, tapşırığmız odur ki, bütün işləri-maliyyə məsələlərindən tutmuş digər məsələlərəcən onlara aid olan işləri yekunlaşdırsınlar ki, yeni seçiləcək bələdiyyələrə problem yaratmasınlar".
M.Səlimzadə onu da qeyd edib ki, ölkədə bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür:
"Məsələn, əhalinin seçkilərlə bağlı maarifləndirilməsi yönündə işləri Mərkəzi Seçki Komissiyası həyata keçirir. Həmçinin, maddi-texniki təhcizat məsələləri ən müasir standartlara uyğun şəkildə reallaşdırılır. Yəni, demək istəyirəm ki, ölkəmiz növbəti bələdiyyə seçkilərinə hazırdır".
Müzakirənin sonunda Fəzail İbrahimli isə yarızarafat, yarıgerçək "bizim bugünkü iclasımız tez və operativ şəkildə başa çatdığına görə Ginnesin rekordlar kitabına düşə bilər", - deyə bildirib.
Sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.