FHN-in Regional Mərkəzləri maarifləndirmə tədbirləri keçirib Hadisə

FHN-in Regional Mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Tərlan

Yanvarın 21-də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayonu, Alekseyevka kənd orta məktəbində "Fövqəladə hallar zamanı özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları, qış aylarında elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, məişətdə yanğınların başvermə səbəbləri, daxili yanğın kranlarından və müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin aşılanması olmuşdur.
Tədbirdə çıxış edənlər baş verə biləcək fövqəladə halların qarşısının vaxtında alınmasında Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları, o cümlədən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri və qurumları, təbii və texnogen hadisələrin təsnifatı, dinc və ya müharibə dövründə mülki müdafiənin rolu, zəlzələ və yanğın zamanı tədris ocaqlarında təxliyyənin təşkili, qar uçqunu, sürüşmə və sel kimi fövqəladə hallardan xilas olunma qaydaları, infeksion xəstəliklərin yayılma yolları və bu zaman gigiyena qaydalarına riayət olunması, "112" qaynar xətti barədə ətraflı məlumatlar vermişdir. Sonda zəlzələ və dəm qazı haqqında videoslaydlar nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 yanvar 2015-ci il tarixində Sumqayıt şəhər, C.Səfərov adına 10 nömrəli tam orta məktəbdə "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib. FHN-in Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən şəhərin təhsil ocaqlarında keçirilən maarifləndirmə tədbirində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır. Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları "Fövqəladə hallar zamanı davranış qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "Elektriklə davranış qaydaları", "Məişətdə qaz cihazlarından istifadə qaydaları", "Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi" və "112" qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır" mövzularında çıxışlar etmişdir. Daha sonra "Dəm qazı təhlükəsi" mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılmışdır.