Ana südündən körpələrinizi məhrum etməyin Hadisə

Ana südündən körpələrinizi məhrum etməyin

Almaz

Təxminən 3-4 il bundan əvvəl Britaniya və İrlandiyada ciddi surətdə dehidrasiyaya (susuzluğa) məruz qalan körpələrin sayı barədə xəstəxanalardan statistik məlumat toplanır. Kəskin hipernatremik susuzluq nadir, lakin ölümcül bir vəziyyətdir.
Lokal tədqiqatlara əsasən, bəzi xəstəxanalara həftədə bir körpə dehidrasiyanın mülayim və ya kəskin forması ilə qəbul edilir. Lakin bu problemlə ciddi məşğul olmaq üçün tibb icmasına daha çox məlumat lazımdır.
Hazırda Britaniya Tibb Departamenti qadınlara ilk 6 ay ərzində körpələri yalnız ana südü ilə qidalandırmağı məsləhət görür.

Şiş hüceyrələri "intihar"a məcbur edir

İsveçdə Lund Universitetində işləyən həkim və immunoloq Katarina Svanborqun rəhbərlik etdiyi qrup ana südündə möcizəvi sirləri kəşf edib. Katarina Svanborq və tədqiqat yoldaşları yeddi il əvvəl ana südü ilə şiş hüceyrələrini labatoriyada birlikdə saxlayıblar. Katarina Svanborqun laboratoriyası böyük olmamaqla yanaşı əslində heç də onkologiya üzrə tədqiqat üçün qurulmuş bir mərkəz deyil. Bu laboratoriyanın əsl quruluş məqsədi və ixtisas sahəsi yoluxucu xəstəliklərdir. Katarina və tələbəsi Anderss Hakanssons yeddi il əvvəl ana südü, bakterial infeksiyalar və şiş hüceyrələri üzərində araşdırmalara başlayıblar. Məqsəd ana südünün dəhşətli bir mikrob-savaşçısına necə çevrilməsini və necə infeksiyalara əngəl olmasını aydınlaşdırmaq olub. Şiş hüceyrələrinə olan təsiri isə daha çox maraq doğururdu. Şiş hüceyrələrinin həcmcə azaldığını görən Andress Hakanssons əvvəlcə nəyisə düzgün hesablamadığını düşünür. Amma müəllimi Katarina Svanborq bankaya mikroskobla baxıb və "şiş hüceyrələrinin intihar etdikləri"ni dilə gətirib.
Hüceyrələr müntəzəm olaraq intihar edirlər, bu hadisəyə "apoptoz" deyilir. Apoptoz vücudun yararsız və yaşlı hüceyrələrdən qurtulmaq və ya özünü yeniləyə bilmək üçün tətbiq etdiyi bir proqramdır. Bütün sağlam hüceyrələr əcəli çatanda bu intihar proqramına tabe olurlar və bunun nə zaman başlayacağına dair siqnalları ətrafından alırlar. Son nəticədə hüceyrənin "beyni" olan məlumat molekulu - DNT parçalanır. Şiş hüceyrələri isə normal hüceyrələrin əksinə, insan bədənindən gələn bu siqnallara cavab vermirlər və bədən şiş hüceyrələrinin böyüməsini və ya ölməsini idarə edə bilmir. Nəticədə də şiş olaraq adlandırılan qarma-qarışıq hüceyrə kütlələri meydana gəlir və nəticədə insan həyatla vidalaşır.

Sətəlcəmə də dərmanmış

Katarina Svanborq ana südünə yeni doğulmuş körpələrdən alınmış bağırsağın selik hüceyrələri ilə qarışdırır. Bu zaman ana südünün pnevmoniya (sətəlcəm) xəstəliyini heyrətamiz şəkildə sağaltdığı məlum olur.
Ana südü ilə qidalanan kürpələrin əmziklə qidalananlara nisbətən yoluxucu xəstəliklərə qarşı müqaviməti də çox olur. Eyni nəticəni şiş xəstəliklərinə də aid etmək olar. Ana südü ilə bəslənmə uşaqlarda rast gəlinən limfoma şişinin yaranma riskinin 9 dəfəyə qədər aşağı düşməsinə səbəb olur.
Tədqiqatlar zamanı məlum olub ki, şiş hüceylərini məhv edən ana südündəki "alrha-lac" (alrhalactalbumin) adlandırılan bir maddədir. Bu maddənin süddə laktoza şəkərinin sintezinə kömək edən bir zülal tərəfindən meydana gətirildiyi üzə çıxarılıb. Artıq "alrha-lac" üzərində alimlər araşdırmalara başlayıblar. Bəlli olub ki, ana südü əmizdirmə yolu ilə körpənin həzm sistemindən keçir. Körpənin mədəsində qüvvətli həzm turşuları var. Böyük bir ehtimalla, həzm sistemindəki bu turşu və tam ayırd edilməyən digər bəzi xüsusi maddələrlə birlikdə ana südündəki "alrha-lac"ı dəyişdirərək şiş hüceyrələrini öldürə bilən HAMLET-ə çevrir.
Günümüzdə aparılan tədqiqatlar HAMLET-in genetik olaraq əldə edilə bilinməsi və bir-birinə çevrilmə pillələrinə tam olaraq aydınlıq gətirilməsi istiqamətindədir.
Qüdrəti sonsuz Allahın ana südünə verdiyi bir özəlliyə görə şiş hüceyrələrinin durdurulması yəqin ki, bundan sonra körpələrini əmizdirməyə tərəddüd edən anaları fikirlərindən döndərəcək. Heç bir ana bilə-bilə kürpəsinin şişlə müqavimət gücünü qırmaq istəməz.

Dünya və Azərbaycan reallıqları

Amerika Pediatriya Akademiyası da tövsiyyə edir ki, körpələr ana südü ilə qidalandırılsın. Akademiyanın tövsiyyələrində qeyd olunur ki, ana südü körpənin sağlam inkişafını təmin edir, infeksiya riskini azaldır, bir çox xəstəliyə qarşı qorunmanı təmin edir. Məsələn, ağciyər infeksiyaları, bakterial meningit, diarreya (ishal), otitis media (orta qulaq iltihabı), bakteremia, botulizm, sidik yolları infeksiyaları, necrotizing enterocolitis (bağırsaq iltihabı), ani körpə ölümü sindromu, insulindən asılı şəkər xəstəliyi, Crohn xəstəliyi (yoğun bağırsaq iltihabı), ulcerative colitis (yoğun bağırsaq iltihabı), allergik xəstəliklər və təbii ki, ən vacibi limfa xərçənginə qarşı qorunmanı təmin edir. Tədqiqatlar göstərib ki, ana südü ilə qidalanan körpələrin immun sistemi əmziklə qidalananlara görə çox sürətli inkişaf etməkdə və müdafiə üçün lazımi anticisimlər yüksək səviyyədə istehsal olunmaqdadır. Amerika Pediatriya Akademiyası yeni, vaxtından qabaq və xəstə doğulmuş uşaqlar üçün mütləq ana südünün təyin olunmasını zəruri sayır. Tibbi müdaxiləyə ehtiyac hiss edilən vəziyyətlər xaric, ana südünə başqa bir şey əlavə edilmədən birbaşa olaraq verilməli və əmzikdən uzaqlaşdırılmalıdır. Ana südü və əmizdirmənin anaların üzlərinə də faydaları vardır. Əmizdirmə prosesi düzgün bir diyetlə bərabər ana sümüklərini də gücləndirir, yumurtalıq və süd vəzisi xərçəngi riskini azaldır. Əmizdirmə hamiləlikdən qorunma üçün də ən yaxşı yollardan biridir, çünki əmizdirən qadınlarda yumurtlamanın başlanması təxirə salınır.
Bütün bu faydalara baxmayaraq bəzi hallarda analar əmizdirmədən boyun qaçırırlar. Məsələn, ananın zərərli dərmanlar istifadəsi, vərəm, QİZS, aktiv infeksiya kəzdirməsi kimi vəziyyətlərdə bu viruslar ana südü ilə körpəyə keçə bilər.
Loğman Surəsi 14-cü və Bəqərə 233-cü ayətlərində yazılır ki, "Analar, uşaqlarını tam iki il əmizdirsinlər".
Alimlərin ümumi qənaətinə görə, ana südü ilə qidalanması uşaq ölümünü 3 dəfə azalda bilər.
80-ci illərdə qlobal tədqiqat aparılıb, nəticədə aydın olub ki, körpələrin cəmi 20 faizi ana südü ilə qidalanır. Bundan sonra YUNİSEF anaların uşaqlara ana südünün verməsi üçün həvəsləndirilməsinə yönəlmiş proqramı həyata keçirməyə başlayıb. Azərbaycanda da Səhiyyə Hazirliyi YUHİSEF-lə birgə 1995-ci ildən proqram həyata keçirir. Tədqiqatlara əsasən, 1995-ci ildə Azərbaycanda anaların yalnız 25 faizi uşaqlarını ana südü ilə qidalandırıb, 2006-cı ildə isə bu, 50 faizə çatıb. Həkimlərimiz bildirirlər ki, əslində bu göstərici 95 faizə çatmalıdır. Çünki müəyyən olunub ki, yalnız anaların 3-5 faizi süd çatışmamazlığı və uşaqları əmizdirməyə imkan verməyən digər patoloji xəstəliklərdən əziyyət çəkir. Qısası, hələ ki, anaların əksəriyyəti, sadəcə olaraq, uşaqlarına ana südü vermək istəmirlər.
Bəzi anaların körpələrinə süd verməməsinin başqa səbəbləri də var. Məlumdur ki, doğuşdan sonra anaların çəkisində artım müşahidə olunur. Üstəlik süd vermək üçün yaxşı və keyfiyyətli qidalanmaq çəkini bir qədər də artırır. Bu isə gənc anaları narahat edir və pəhriz saxlamağı, artıq çəkidən azad olmağı körpələrinə süd verməklə, onları müxtəlif xəstəliklərdən qorumağı üstün bilirlər.